AZ

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində Pedaqoji-psixoloji xidmət laboratoriyasının açılışı olub.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, müvafiq struktur rəhbərləri, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.

Laboratoriyanın yaradılmasında məqsəd fakültənin ixtisas profilinə uyğun olaraq təhsil alan tələbələrin əldə etdiyi akademik bilikləri mütəxəssislərin dəstəyilə praktik mənimsəmələrini, müvafiq bacarıqlar əldə etmələrini təmin etmək, ixtisas üzrə vərdişlər formalaşdırmaq, onların tipik və atipik uşaqlarla məşğələlərini təşkil etməkdir.

Laboratoriyada fəaliyyətin 5 istiqamət üzrə təşkil olunması nəzərdə tutulur: loqopediya, psixologiya, defektologiya (korreksiya pedaqogikası), idman və peşə reabilitasiyası.

İdman sahəsi üzrə uşaqlarda dayaq-hərəkət aparatının müxtəlif problemlərinin korreksiyası üçün laboratoriyada idman otağı fəaliyyət göstərir. Burada uşaqların fiziki sağlamlığını möhkəmləndirmək məqsədilə məşğələlər aparılacaq.

Psixologiya sahəsi üzrə tipik və atipik uşaqların öz düşüncələrini və emosiyalarını ifadə etmələri üçün təhlükəsiz və rahat mühiti təmin etmək, psixoloji ehtiyaclarını qiymətləndirmək, lazım gəldikdə terapiya və ya məsləhətlər vermək, uşaqlara və onların ailələrinə dəstək olmaq əsas fəaliyyət istiqamətləridir. Mütəxəssislərin iştirakı ilə tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmələri və onların psixoloq kimi formalaşmasına dəstək olmaq əsas hədəflərdən biridir.

Defektologiya otağı inkişaf və ya öyrənmə çətinliyi olan uşaqların ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Loqopediya otağında loqopedlər tərəfindən fərdi və ya kiçik qruplar şəklində müxtəlif məşqlər, fəaliyyətlər və müdaxilələr vasitəsilə uşaqların ünsiyyət bacarıqlarının inkişafına dəstək göstəriləcək.

Oyun terapiyası bölməsi isə uşaqların oyunlar vasitəsilə fiziki, koqnitiv, emosional və sosial inkişafını dəstəkləmək üçün nəzərdə tutulub.

Laboratoriya uşaqlara keyfiyyətli erkən uşaqlıq təhsili və inkişaf proqramlarına çıxış imkanları təmin edir, onların gələcək öyrənmə və uğurları üçün güclü zəmin yaradır.

ADPU-nun Pedaqoji-psixoloji xidmət laboratoriyası təkcə akademik bacarıqlara deyil, həm də sosial, emosional, fiziki və yaradıcı inkişafa vahid yanaşma təklif edir.

Seçilən
74
27
Mənbələr
Şərh ()
Bağla