AZ

“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”

“Qazaxın bəhs edilən 4 kəndinin  yaxın müddətdə tam şəkildə Azərbaycana qaytarılacağına mənim qətiyyən şübhəm yoxdur. Amma hesab edirəm ki, Paşinyanın da bu məsələlərdə, yəni həmin kəndlərlə bağlı gərginliyin yaranmasında, qismən də olsa, əli var...”
 
“Azərbaycan mediasında son vaxtlar tez-tez yanlış bir ifadə də işlənilir: “Ermənistanla sərhədlər Alma-Atı deklarasiyasının prinsiplərinə uyğun müəyyənləşməlidir”. Bunu deyənlər anlamır ki, axı o sənəddə iki ölkə arasında konkret xəritələr üzrə sərhədlər qeyd olunmayıb, orada sadəcə prinsiplər müəyyən edilib. Lakin Ermənistan həmin prinsipləri pozub. Ona görə də belə düşünürəm ki, hələ sərhədlərlə bağlı çətin danışıqlar gələcəkdə olacaq”.
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Moderator.az-a açıqlamasında səsləndirib.
 
Həmsöhbətimiz hesab edir ki, Ermənistanda, Qazaxın məlum 4 kəndi ilə bağlı son günlər yaranmış gərginlikdə Baş nazir Nikol Paşinyan özü də maraqlıdır.
 
“Qazaxın bəhs edilən 4 kəndinin  yaxın müddətdə tam şəkildə Azərbaycana qaytarılacağına mənim qətiyyən şübhəm yoxdur. Amma hesab edirəm ki, Paşinyanın da bu məsələlərdə, yəni həmin kəndlərlə bağlı gərginliyin yaranmasında, qismən də olsa, əli var... Çünki ermənilər daim göstərmək istəyirlər ki, qanuna uyğun olan istənilən addım Ermənistan cəmiyyəti tərəfindən qəzəblə qarşılanır. Yəni onlar son illər tez-tez bu metoddan istifadə edirlər. Məsələn, vaxtilə deyirdilər ki, filan rayonu Azərbaycana qaytarsaq, Ermənistanda qan su yerinə axacaq, filan olacaq... İndi 4 kəndlə də bağlı oxşar oyun oynamağa çalışırlar. Ancaq artıq belə oyunlar keçməz. Ermənilər özləri də yaxşı başa düşürlər ki, hazırda Ermənistanın bu 4 kəndə görə Azərbaycanla müharibə aparmaq üçün imkanı, resursu yoxdur”- deyə şərhçi izah edib.
 
“Digər tərəfdən, hesab edirəm ki, sərhədlərlə bağlı hazırkı proseslərdə məntiqi bir ziddiyyət var. Ermənistan guya sərhədləri1991-ci ildəki Alma-Atı deklorasiyasına uyğun olaraq müəyyən etmək istəyir. Həmin deklarasiyada göstərilən inzibati sərhədlər çərçivəsində bəhs edilən 4 kənd də Azərbaycanın tərkibində olub. İndi də deyirlər ki, yox, biz bu kəndləri qaytarmaq istəmirik. Ona görə də mən bu kəndlər ətrafındakı proseslərə bir şou kimi baxıram və heç də etiraz edən ermənilərin səmimiliyinə inanmıram. Ola bilsin ki, aralarında ağılsızları var. Ancaq bir az ağlı başında olan ermənilər başa düşürlər ki, ya biz sərhəd istəməliyik, ya da o  kəndlər uğrunda vuruşmalıyıq- vurşmağa isə gücümüz yoxdur”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.
 
“Yeri gəlmişkən, biz bəzi məsələlərə bir daha aydınlıq gətirməliyik. Azərbaycan son illər daim bəyan edib ki, o, 1991-ci il Alma-Atı deklarasiyasının prinsiplərinə sadiqdir. Yəni gələcəkdə SSRİ dövründəki son administrativ sərhədlər əsasında Ermənistanla sərhədləri müəyyənləşdirməyə hazırdır. Amma Ermənistanla məsələ daha da mürəkkəbdir. Çünki 1991-ci ilin dekabrında – SSRİ dağılan ərəfədə Azərbaycan-Ermənistan sərhədləri hüquqi cəhətdən yox idi. Ona görə ki, Ermənistan hökuməti hələ 1989-cu ildə keçmiş Dağlıq Qarabağ ərazisinin özünə birləşdirilməsi haqda qərar qəbul etmişdi. Və deməli, sözügedən sərhədlərdən imtina etmişdilər. Və hələ də bu qərar Ermənistan parlamenti tərəfindən ləğv edilmədiyindən hüquqi cəhətdən qüvvədədir. Odur ki, bizim hələ sərhədləri hansı ilin xəritələrinə uyğun müəyyən etməyimiz sual altındadır... 
 
Azərbaycan mediasında son vaxtlar tez-tez yanlış bir ifadə də işlənilir: “Ermənistanla sərhədlər Alma-Atı deklarasiyasının prinsiplərinə uyğun müəyyənləşməlidir”. Bunu deyənlər anlamır ki, axı o sənəddə iki ölkə arasında konkret xəritələr üzrə sərhədlər qeyd olunmayıb, orada sadəcə prinsiplər müəyyən edilib. Lakin Ermənistan həmin prinsipləri pozub. Ona görə də belə düşünürəm ki, hələ sərhədlərlə bağlı çətin danışıqlar gələcəkdə olacaq. Azərbaycan isə belə bir mövqe ortalığa qoyub ki, biz öz sərhədlərimizi sovet dövrünün müxtəlif illərinə aid xəritələr üzrə dəqiqləşdirmələr aparmaqla müəyyənləşdirəcəyik... Pasinyan ötən illər deyirdi ki, gəlin sərhədləri SSRİ ordusu Baş Qərargahının 1975-ci ilə aid xəritələri üzrə müəyyən edək. Onda gəlin biz də deyək ki, sərhədləri  1920-ci ilin xəritələrinə uyğun müəyyənləşdirək. Belə olan halda Ermənistan bu gün 4 kəndi qaytarırsa, sabah 444 kəndi qaytara bilər... Yəni görün, sovet dövründə qanunsuz olaraq Ermənistana peşkəş edilmiş Zəngəzur, Göyçə, Basarkeçər və s. kimi tarixi torpaqlarımızda neçə kəndimiz, şəhərimiz olub?”, - deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla