AZ

“24 aprel mesajı Ərdoğanın bir daha ermənilərlə sülh istəyindən irəli gəlir” - Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyana “1915 il hadisələri” ilə bağlı müraciət ünvanlayıb. Mesajda deyilir:

“Bu gün mən Birinci Dünya Müharibəsinin ağır şərtlərində həyatını itirmiş Osmanlı İmperiyasının erməni vətəndaşlarını bir daha ehtiramla yad edir, onların nəvələrinə başsağlığı verirəm. Qarşıdurmalar, üsyanlar, dəstə hərəkatları və terror aktları nəticəsində ölən və ya şəhid olan bütün Osmanlı cəmiyyətinin üzvlərinə Allahdan rəhmət diləyirəm. Birinci Dünya Müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarımızda dərin izlər buraxmışdır. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür. Türkiyə heç bir erməni vətəndaşı öz vətənində təcrid olunması, kənarlaşdırılması və özünü ikinci dərəcəli vətəndaş hiss etməsinə imkan verməyib və verməyəcək. Radikal diskurslara, marginallaşmaya, nifrət ifadələrinə yer vermədən tarixdə baş verən hadisələrə ağlın, vicdanın və elmin rəhbərliyi ilə müraciət etməyimiz vacibdir. Milli yaddaşımıza həkk olunmuş hadisələri bir-birindən ayırmadan empatiya qurmaq həm də nifrət toxumlarının kök atmasının qarşısını alacaq”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Herbiand.az-bildirib ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan həmişə 24 apreldə ermənilərə müəyyən bir müraciət formalayır və erməniləri birgə sülhə, əmin-amanlığa dəvət edir:

“Artıq Nikol Paşinyanın da etirafı, məhz həmin hadisələrdə ölən ermənilərin adlarının araşdırılması, siyahıya salınması onu göstərir ki, belə bir soyqırım olmayıb. Həmin zamanlarda təkcə ermənilər deyil, burada türklər də ümumi vəziyyətdə əziyyət çəkiblər. Ümumiyyətlə, Birinci Dünya müharibəsində baş verən hadisələr Osmanlıda dərin izlər buraxıb. Burada hər hansı bir soyqırım olmayıb. Bu, erməni yalanlardır”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə heç vaxt  Osmanlı imperiyasında yaşayan ermənilərdən imtina etməyib:

“Türkiyə dövləti onları öz vətəndaşları kimi qəbul edib. Bu, cənab Ərdoğanın bir daha ermənilərlə sülh istəyindən irəli gəlir və ermənilərlə birgə yaşayışı üçün mesajdır. Türkiyə bununla göstərir ki, konkret olaraq soyqırım iddialarını əlbəttə ki, yaxın buraxmır. Sadəcə olaraq, Birinci Dünya müharibəsində Osmanlıda bütün xalqların əziyyət çəkdiyini vurğulayıb”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla