AZ

“Üçüncü dünya müharibəsinin başlaması o qədər də real görünmür” - ŞƏRH EDİLDİ

“Bu gün dünyada bir çox hallarda süni şəkildə formalaşdırılmış 180-dən çox münaqişə ocağı mövcuddur. Eyni zamanda dünyanın 200-dən artıq bölgəsində böyük güclərin neoimperialist maraqlarına xidmət edən separatizm ocaqları formalaşdırılıb. Heç bir halda bu münaqişə ocaqlarının aradan qaldırılmasına böyük güclər imkan vermir. 2020-ci ilin sentyabrında başlanılan 44 günlük Vətən müharibəsi və ötən dövr ərzində ikinci dünya müharibəsindən sonra Azərbaycan ilk dəfə itirilmiş torpaqlarını geri qaytarmağı bacaran dövlət kimi tarix yazmış oldu. Eyni zamanda 2023-cü ildə olan anti-terror tədbirləri nəticəsində Azərbaycan, həm də ölkəmizdə separatizmin kökünü birdəfəlik kəsdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, hər il, hər ay dünyanın ayrı-ayrı bölgələrində münaqişə ocaqları formalaşdırılır: “Bununla da böyük güclər “parçala, hökm sür” prinsipi əsasında özlərinin imperiya maraqlarını reallaşdırmağa çalışırlar. Hesab edirəm ki, hazırda artan təhdidlər fonunda dünya üçün qlobal təhlükəsizliyimizə çox böyük təhlükələr mövcuddur.

Artıq Orta Şərqi “qaynar qazan”, yeni müharibənin başlanma nöqtəsi kimi qiymətləndirmək olar. Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS, İsrail-İran arasındakı toqquşmalar fonunda bəşəriyyəti narahat edən məsələlərdən biri də üçüncü dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı təhdidlərdir. İndiki şəraitdə üçüncü dünya müharibəsinin başlaması o qədər də real görünmür. Amma bu heç də dünyamızın stabil olduğunu, baş verən münaqişələrin qısa müddət ərzində həll oluna biləcəyi ilə əsaslanmır.

Bir sıra qlobal güclər, xüsusilə də iqtisadi güc liderliyini tədricən itirməyə başlayan və dünyanın bir çox bölgələrində mövqelərini rəqiblərinə uduzan ABŞ və onun rəhbərliyi altında kollektiv Qərb dünyanın bir çox bölgəsində, çox təəssüf ki, elə Cənubi Qafqazda da münaqişə mühitləri formalaşdırmaqla özlərinin imkanlarını daha rahat şəkildə realizə etməyə çalışırlar. Buna görə də indiki halda baş verən münaqişələrin bir çoxu məhz həmin güclər tərəfindən idarə olunan münaqişlər kimi qiymətləndirilir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla