AZ

“Burda azarkeşlərin keçməsi üçün turniketlər quraşdırmaq lazımdı” – serb müfəttişdən növbəti iradlar

UEFA-nın stadionlar üzrə müfəttişi Tovuz və İmişlidəki stadionların ardından Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna da baş çəkib.

Bu haqda daha ətraflı məlumat almaq üçün "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

“Serbiyalı UEFA nümayəndəsi Neboyşa İvkoviç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirdi. İndiki halda, avrokubokda ilkin mərhələ oyunları keçirmək üçün şərait var. Amma biz 4-cü kateqoriyanı almaq istəyirik. Hazırda ölkədə cəmi 3 stadion 4-cü kateqoriyadadı. Ona görə müəyyən düzəlişlər lazımdı. Çalışacağıq ki, avrokubok mövsümünə qədər həmin tövsiyələrə, dediyi iradlara düzəliş edək və stadion tam UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun gəlsin. Burda azarkeşlərin keçməsi üçün turniketlər quraşdırmaq lazımdı. Hazırda biletləri yoxlayanda mobil skaynerlərdən istifadə etsək də, UEFA turnirlərində turniketlər olmalıdı. Təhlükəsizlik kameraları müəyyən bir mərkəzi dataya bağlı olub, ordan nəzarət edilməlidi. Bundan başqa, premyer-liqa oyunu üçün “CBC Sport” peyklə siqnal alırsa, avrokuboklarda fərqlidi. Hazırda bizim yayınçı şirkət üçün yaratdığımız şərait sırf premyer-liqa oyunları üçün nəzərdə tutulub. Lakin avrokuboklarda bir az kənarda, başqa bir ərazidə çəkiliş nəqliyyat vasitələri üçün yer yaratmalıyıq. Stadionun içində geniş media iş mərkəzi yaradılmalıdı. Bizə bu nüanslarla bağlı iradlarını bildirdilər, qeydlərimizi götürdük. Çalışacağıq ki, avrokubok mövsümünə qədər bunları aradan qaldıraq, oyunlarımızı bu stadionda keçirək. Amma istənilən halda avrokuboklara vəsiqə qazansaq, ilkin mərhələ oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyik”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla