Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyinin (ŞAYHM) rəsmi tərəfdaşlığı, həmçinin Binəqədi rayon 248 nömrəli məktəbin dəstəyilə Qan donorluğu mədəniyyətinin inkişafına xidmət edən təbliğat- təşviqat xarakterli görüş təşkil olundu.
İlk olaraq canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Dövlət Himni səsləndirildi .
Sonra məktəbin direktoru Xəyyam Fərəcov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, AQDİM-nin icraçı direktoru Kamil Hüseynov, Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova, həmçinin Şəhid Ailələrinə Yardım və Hüquqlarinin Müdafiəsi İctimai birliyinin təftiş komissiyasının sədri, AQDİM-nin sədr müavini Niyaməddin İbrahimov mövzu ətrafında geniş çıxışlar etdilər.
Tədbir digər bir əlamətdar hadisə ilə fərqlənirdi. Beləki məktəbin müəlliməsi Fəridə Hüseynova Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin Fəxri Üzvü seçildi. Fəridə müəllimənin qan donorluğu mədəniyyətinin inkişafında və qanvermə aksiyalarında təmannasız və könüllü olaraq fəal iştirakı hər kəs tərəfindən müsbət qiymətləndirildi. Tədbir iştirakçıları hər kəsi bu kimi fəaliyyətdə fəal olmağa çağırdılar.
AQDİM-nin mətbuat xidmətinin verdiyi məlumata əsasən Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
Təbliğat- təşviqat xarakterli görüş şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib..