AZ

Bakıda taksilərin sayı azaldı, qiymət yenə endi - CİDDİ DƏYİŞİKLİK GƏLİR

Taksi fəaliyyəti ilə bağlı müəyyən olunan tələblərdən sonra Bakı şəhərində taksi sayının azaldığı müşahidə edilir.

“Ölkə.Az” xəbər verir ki, bir sıra şəxslər daha çox onlayn taksi sifarişlərində gözləmə müddətinin artdığını, bəzən isə taksi tapa bilmədiklərini söyləyirlər. 

Artıq 1 aya yaxın müddətdir ki, tələblərə uyğun gəlməyən avtomobillərin, xüsusən də taksi fəaliyyətində daha çox istifadə olunan “Prius” markalı avtomobillərin kütləvi satışa çıxarıldığı müşahidə edilir. Taksi sayının azalmasında səbəb kimi məhz bu avtomobillərin sərnişindaşımadan uzaqlaşdırılması göstərilir.  

Kütləvi satışın ardından sözügedən avtomobillərin qiymətləri də enməyə davam edir. Belə ki, qərar elan olunana qədər 12 500-14 500 manata satışa çıxarılan bu avtomobillərin hazırda 7 000-9 000 manat çərçivəsində təklif edildiyini görmək mümkündür. İlk zamanlarda isə qiymətlərin 10 000 manata qədər endiyi müşahidə olunurdu. 

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, taksi sayının azalacağı gözlənilən idi:

“Mövcud qərardan sonra taksilərin sayının azalacağı gözlənilən idi. İyulun 1-dən sonra isə taksi sayında daha çox azalma müşahidə olunacaq”.

Ekspert isə bu avtomobillərin qiymətində 5-10%-ə yaxın azalma müşahidə edildiyini deyir.

E. Cəfərovun sözlərinə görə, iyulun 1-dən istismarına icazə verilməyəcək avtomobillərə fərdi istifadə üçün maraq artacaq: “Çünki taksi sayı azaldıqca fərdi avtomobillərə maraq artacaq və avtomobilləşmə çoxalacaq. Bu da bazara çıxarılmış taksi fəaliyyətində istifadə olunmayan köhnə avtomobillərə tələbi artıracaq”. 

“İctimai nəqliyyatın avtobus seqmentində artım olacağı güman edilir. Bu barədə elan da verilib. Bu il ərzində Bakı şəhərinə 160 ədəd elektrik mühərrikli avtobusun buraxılması gözlənilir. Bu da kiçik rəqəm deyil. Bunun sərnişindaşımanın keyfiyyətini qismən də olsa artıracağı düşünülür”, - deyə ekspert əlavə edib.

Xatırladaq ki, ötən ay taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib. Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün iyulun 1-nə qədər elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə biləcəklər. İyulun 1-dən sonra isə buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək.

Könül
Ölkə.Az

 

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla