AZ

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Bakı, 24 aprel, AZƏRTAC

Böyük Britaniyanın Oksford Universitetinin Yer Elmləri Departamentinin dəvəti əsasında Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA-nın müxbir üzvü, professor Rəşid Cavanşir, RSXM-nin Elmi işlər üzrə müavini dosent Rauf Muradov, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri dosent Səbinə Kazımova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak edirlər.

Səfərin məqsədi Böyük Britaniya Tədqiqat Şurası tərəfindən maliyyələşdirilən toplantı çərçivəsində mövcud birgə işlərin nəticələrini təqdim etmək, zəlzələ təhlükəsi ilə bağlı birgə tədqiqatların gələcək istiqamətlərini müzakirə etmək, həmçinin regionda daha geniş əməkdaşlıq potensialını müzakirə etməkdir.

İclasda Oksford Universitetinin professoru Riçard Voalker və London İmperial Kollecinin əməkdaşı Dilan Rud Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatlar haqqında məruzələr təqdim ediblər.

Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan birgə tədqiqatların nəticələrini isə RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri dosent Səbinə Kazımova təqdim edib.

Səfər davam edir.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Böyük Britaniyanın Oksford Universiteti arasında birgə seysmoloji və paleoseysmoloji tədqiqatlar aparılır. Oksford Universitetinin nümayəndələri bununla bağlı bir neçə dəfə Azərbaycanda səfərdə olublar.

Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyətinin səfəri də birgə tədqiqatların davam etdirilməsi istiqamətində keçirilən işgüzar görüşlərlə bağlıdır.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla