AZ

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, V.Mustafayev Azərbaycan və Özbəkistan arasında yüksək səviyyədə dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin olduğunu, müxtəlif sahələrdə uğurlu əməkdaşlıqların mövcudluğunu vurğulayıb. O, bu əlaqələrin günü-gündən gücləndiyini, xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndiyini bildirib.

Nazir Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

B.Aşrafxanov artan tərəfdaşlığın, yüksək səviyyəli əlaqələrin məmnunluq doğurduğunu vurğulayıb.

Son illərdə Azərbaycanın müdafiə sənayesinin inkişafına diqqət çəkən səfir bunun gələcəkdə hərbi-texniki sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yüksək şərait yaratdığını bildirib. O, diplomatik fəaliyyəti dövründə bundan sonra da Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə hər iki tərəfi maraqlandıran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla