AZ

Bakıda Azərbaycan-Başqırdıstan biznes forumu keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Başqırdıstan biznes forumu keçirilib.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, logistika, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Başqırdıstan Respublikasının Baş nazirinin müavini, Başqırdıstan Respublikasının kənd təsərrüfatı naziri İlşat Fazraxmanov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı çıxış ediblər.

Çıxış edənlər qarşılıqlı faydalı ticarət və investisiya tərəfdaşlığının potensialını yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikirlər səsləndiriblər.

Başqırdıstan biznesinin fəaliyyətinə dəstək ifadəsi

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının regionları və sahibkarlarla işgüzar əlaqələrin saxlanmasının vacibliyini qeyd edərək, konkret sahələrdə qarşılıqlı fəaliyyətin gələcək perspektivlərini və hər iki tərəfin işgüzar dairələri arasında daimi əlaqələrin təmin edilməsi səviyyələrini qeyd edib.

“Biz Başqırdıstan biznesinə Azərbaycanda fəaliyyətə başlamaq üçün müvafiq dəstək verməyə hazırıq”, - deyə O.Məmmədov qeyd edib.

Başqırdıstan Respublikasının Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov xalqlarımızın ortaq etnik, mənəvi-mədəni köklərə malik olduğunu qeyd edərək, Azərbaycanla qarşılıqlı faydalı ticarət və investisiya tərəfdaşlığının potensialını yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

“Bu gün biz uzunmüddətli əməkdaşlıq ümidi ilə böyük bir nümayəndə heyəti ilə gəldik ki, Azərbaycan və Başqırdıstan biznesləri qarşılıqlı faydalı əməkdaşlıq tapsınlar”, - nazir vurğulayıb.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ölkəmizin Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə qeyri-neft sektorunda iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanlarının mövcud olduğunu bildirib.

Başqırdıstanla ticarət əlaqələrinin böyük potensialı var

“Hesab edirik ki, Başqırdıstanla ticarət əlaqələrimizdə böyük potensialımız var. Mən biznes ictimaiyyətimizi fəal olmağa və danışıqlar zamanı bütün imkanları nəzərə almağa çağırıram. Biz də öz növbəmizdə hər cür dəstəyi verməyə hazırıq. Əminəm ki, əldə olunan razılaşmalar çərçivəsində Başqırdıstana işgüzar səfər də təşkil olunacaq”, - deyə T.Hacılı qeyd edib.

Öz növbəsində Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Başqırdıstan nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq istiqamətlərindən birinin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü ola biləcəyini deyib.

“Başqırd tərəfinin Azərbaycanın ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və kiçik biznes imkanlarının genişləndirilməsi ilə bağlı ideyaları var. Söhbət Azərbaycanın aqrar-sənaye kompleksində uğurla həyata keçirilə biləcək yeni layihələr və yeni texnologiyalardan gedir”, - deyə o əlavə edib.

Əməkdaşlığa dair sənədlər imzalanıb

Forum çərçivəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası ilə Başqırdıstan Sərgi Şirkəti arasında əməkdaşlıq haqqında Sazişi Azərbaycan tərəfindən Fərid Məmmədov və Başqırdıstan tərəfindən Albina Kildiqulova imzalayıblar. “MT Group” şirkəti ilə “Başinkom” NVP arasında əməkdaşlıq müqaviləsini isə Azərbaycan tərəfindən Təranə Allahverdiyeva, Başqırdıstan tərəfindən Linar Minnebayev imzalayıblar.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla