AZ

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

“Sumqayıt” klubunun futbolçusu Abu Dossonun futbolinfo.az saytına müsahibəsi

– Son turda Tovuz səfərindən 4:1 hesablı qalibiyyət və 3 xalla qayıtdınız. Qələbənizdə əsas rolu nə oynadı?

– Çempionatın elə dönəmidir ki, hər bir oyun böyük önəm kəsb edir. Bunu nəzərə alaraq, matça çox istəkli çıxmışdıq. Komandamızın hər bir üzvünün tək məqsədi var idi: meydanı 3 xalla tərk etmək. Məncə, qələbəmizdə məhz bu amillər rol oynadı.

– Hesab oyuna görə oldu?

– Rəqib də meydana qələbə üçün çıxmışdı, üstəlik evdə oynayırdı. Bu mənada, təbii ki, əziyyət çəkdiyimiz anlar oldu. Ancaq rəqibin hücumları zamanı təzyiqdən çıxa bildik, rahat oynadıq. Çünki bu qələbənin bizim üçün nə qədər vacib olduğunu dərk edirdik.

– “Sumqayıt”ın heyətində oyunun ən yaxşılarından biri idiniz. Vurulan 2 qolda yaxından iştirak etdiniz. Öz performansını necə dəyərləndirirsiniz?

– Matç ərzində öz-özümə deyirdim ki, meydanda daha çox güc sərf etməliyik. Bunun öhdəsindən birlikdə gəldik. Buna görə də sırf özümü ayırmaq istəmirəm. Vacib səfər qələbəsini komanda şəklində qazandıq.

– Növbəti turda sizi “Qarabağ”la ağır oyun gözləyir. Liderdən xal almaq şansınız nə qədərdir?

– Hamımız bilirik ki, asan oyun olmayacaq. Rəqibin gücü hər kəsə bəllidir. Buna baxmayaraq, məğlub olmamaq üçün nə lazımdırsa, edəcəyik. Əminəm ki, oyun ərzində bizim də qol imkanlarımız olacaq. Əsas məsələ həmin epizodları realizə etməkdir. Bunu bacarsaq, matçdan xal və ya xallarla ayrılmaq şansımız yaranacaq.

– “Sumqayıt”ın mövsümü hansı pillədə bitirəcəyini düşünürsünüz?

– Bizim üçün ən vacib məsələ mövsümü ilk “3-lük”də bitirməkdir. İnşallah, bunun öhdəsindən gələcəyik. Bunu bacaracağımıza inanıram.

– Komandanız avrokuboklara vəsiqə qazanacağı halda, hazırkı heyətlə Avropa Liqası və ya Konfrans Liqasında uğurlu çıxış etmək mümkündür?

– Hesab edirəm ki, avrokuboklara vəsiqə əldə edə bilsək, heyəti gücləndirmək lazım gələcək. Çünki paralel olaraq iki cəbhədə – Premyer Liqa və avrokubokda mübarizə aparmaq üçün bu heyət bizə bəs etməyəcək.

– Növbəti mövsümün 12 komanda ilə keçirilə biləcəyi haqda məlumatlar dolaşır. Bu məsələyə münasibətiniz necədir? Sonuncu yeri tutanı liqada saxlamaqla komanda sayı 12-yə çatdırılsa, yaxşıdır, yoxsa idman prinsiplərini qorumaq və çempionatı elə 10 komanda ilə keçirmək daha düzgündür?

– Dediyiniz kimi, bunlar söz-söhbətdir. Hələ bu barədə rəsmi məlumat yoxdur. Şəxsən mənə görə, komanda sayının 12-yə çatdırılması çempionatda rəqabəti daha da gücləndirər.

AĞA

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla