AZ

"Xalq arasında deyilən "Gözünü yum, dişini sıx, üzərinə get" üsulu səhvdir" - PSİXİATR İZAH ETDİ

"Klaustrofobiya dar, qapalı mühitdə qalmaqdan kəskin, həddindən çox irrasional qorxu halıdır". Bu sözləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

O bildirib ki, özləri də başa düşürlər ki, əsası yoxdur, qorxulacaq bir şey yoxdur, amma qorxunu kəskin şəkildə həmin mühitlərdə hiss edirlər: "Həmin mühitlərə misal olaraq uzun tunellər, liftlər, təyyarə, metro, pəncərəsi açıla bilməyən otaqlar, çıxa bilməyəcəklərini düşündükləri mühitləri deyə bilərik. Bəzən pəncərəsi olmayan otaq bağlandığında təşvişə düşə bilirlər. Bu təşviş hissi çox şiddətli olub panik səviyyəsində ola bilər. Bəzənsə, şiddəti az olub diskonfort səviyyədə ola bilər. Ona görə də hər iki halda məcbur qalmadıqca bu mühitlərə girməkdən qaçınırlar.

Bəzən belə mühitlərə girdiklərində panik atak səviyyəsində şiddətli təşviş hissini yaşaya bilirlər. O sırada kəskin ürək döyüntüsü, istibasma, boğulma hissi, nəfəs darlığı, tərləmə, əllərdə, ayaqlarda titrəmə, bu şəkildə kəskin qorxu ilə müşayiət olunan təşviş halı ola bilir. Fərqli əlamətlər də görünə bilir. Baş hərlənməsi, sanki özündən gedəcəkmiş kimi qorxu hissi, bəzən də idarəni itirəcək, dəli olacaqmış kimi təşvişin panik atak səviyyəsinə çıxması olur. Bu zaman qulaqlarda uğultu, ağızda quruluq, səslərə qarşı yadlaşma, çaşqınlıq olur. Həmin insanlar belə əlamətlərlə müşahidə olunan təşviş halı yaşayırlar. Ona görə də həmin mühitlərdən qaçmağa başlayırlar. Bu da onların həyatlarını daraldır. Çünki liftdən, təyyarədən istifadə edə bilməmək onların iş səyahətlərinə gedə bilməməsinə, quru yolu ilə günlərlə vaxt itirməsinə səbəb olur.

Bəzi panik atak xəstələri maşına belə minə bilmirlər. Yeni maşınlarda qapılar avtomatik bağlanır deyə, bundan belə qorxub çəkinə bilirlər. Eyni zamanda tunellərə girə bilməmək, liftdən istifadə edə bilməmək də çox həyat daraldıcı ola bilir".

Onun sözlərinə görə, klaustrofobiyadan müalicə psixoterapiya yolu ilə aparılır: "Psixoterapiyanın məruz qoyma yöntəmi ilə təşviş hissinin desentizasiyası yöntəmi aparılır. Bir müddətdən sonra həmin mühitlərə qarşı neytrallaşma baş verir. Onlar həmin mühitlərdə özlərini əvvəlki təşviş hissini keçirmirlər. Ancaq bu xalq arasında deyilən "Gözünü yum, dişini sıx, üzərinə get" yolu çox səhvdir. Məsələn bir pasiyentə "özünü məcbur et üç mərtəbəli binada liftə min" demək səhvdir, çünki o, gözünü yumub tez çatmasını gözləyəcək. Bunun heç bir xeyri yoxdur. Çünki araşdırmalar nəticəsində deyilir ki, klaustrofobiyası olan insanlar həbsə düşür, orada illərlə qalırlar. Həbs onlar üçün təşvişə səbəb olan yerdir. İllərlə qaldıqdan sonra çıxarkən yenidən onlarda klaustrofobiya başlayır.

Klaustrofobiyanın yaranmasına əsas səbəblərdən biri də uşaqkən qapalı mühitdə pis təcrübə yaşamaqdır. Qatarda stansiyalar arasında qalmaq, təyyarədə turbalansa düşmək, kəskin vəziyyət yaşamaq sadəcə uşaqlıq dövründə deyil, yetkinlikdə də görünür. Valideynlərdə də klaustrofobiya olması da səbəblər arasındadır. Valideyn öz qorxusunu uşağa hiss etdirir. Bütün təşviş pozuntularında valideynlərin yetişdirmə tərzinin uşaqların da təşvişli böyüməsinə səbəb olmasını görürük. Məsələn, fobiyada əgər valideyn sosial mühitdə özünə qapanıq biridirsə, onun öyrədəcəyi üsul da sosial mühitlərdən qorxma, çəkinmə olacaq. Girişkən valideyn eyni şəkildə girişkən olmağı öyrədəcək. Bundan başqa klaustrofobiya spesifik fobiyalardan olduğu üçün dərman müalicələri də aparılır. Çox vaxt məsləhət görürük ki, müalicələr paralel aparılsın. Həm dərman, həm də koqnitiv davranışlı psixoterapiya paralel aparıldıqda qorxuları aşma və bu mühitlərə asanlıqla girmə mümkün ola bilir".

Müəllif: Söylü Ağazadə
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla