AZ

Tərifin kökündə çox zaman nə isə bir təmənna durur – Nida hislərimizi ifadə edə bilirmi?

İmarət Cəlilqızı, filoloq

Dilimizdə belə bir nitq hissəsi var: nida. Əvvəllər onu heç bir qrupa aid etmirdilər, onu bütün nitq hissələrindən ayırıb xüsusi nitq hissəsi sayırdılar. Çünki nida elə bir nitq hissəsidir ki, dilimizdən, demək olar ki, həmişə özümüzdən asılı olmadan, hiss və həyəcanlarımızın ifadəsi kimi qopur.

Ətrafıımızda bizi heyran edə biləcək çox şeylər mövcuddur. Kainatın gözəllikləri, insan surəti və insan xarakteri, uşaq məsumluğu, insan əlinin və zəkasının yaratdığı cürbəcür möcüzələr… Biz bunlarla qarşılaşarkən duyğularımız canlanır, keçirdiyimiz hissləri nə cürsə ifadə etməyə çalışırıq, həm də bu zaman elə sözlər axtarırıq ki, həmin sözlər görüb duyduğumuz gözəlliklərə layiq olsun. Çox zaman tapırıq belə sözləri və deyirik də ünvanına. Amma bəzən… Bəzən demirik. Deməyə çəkinirik. Demək istədiyimiz sözlərin ünvanı təbiət deyil, uşaq deyil, yetkin bir insan olanda heyranlığımızı ifadə etməkdən bəzən çəkinirik. Niyə? Ona görə ki, əslində çox saf və səmimi olan sözlərimizin yanlış olaraq tərif kimi qəbul ediləcəyindən ehtiyat edirik. Niyə? Məgər tərif xoşagəlməz bir şeydirmi? Müəyyən mənada bəli. Çünki tərifin kökündə çox zaman nə isə bir təmənna durur. Biz isə yüksək dəyər verib sanballı saydığımız insanların bizi təriflə təmənna uman birisi kimi qiymətləndirməsini istəmirik, həqiqi heyranlıq duyğularımıza bu cür münasibəti layiq bilmirik. Ona görə də çox zaman  susmağı doğru sayırıq.

Amma həmişə susmaq doğru variant sayıla bilməz.

Əqli cəhətdən normal hər bir insanın öz həmcinsi ilə ünsiyyət etmək, öz fikirlərini, hiss və həyəcanlarını bölüşmək, işi, əməli ilə bağlı onun rəyini öyrənmək, ondan öyrənmək, ona öyrətmək, ona stimul vermək, ondan stimul almaq ehtiyacı var. Bu ehtiyacı gücü müqabilində ödəmək hər kəsin insanlıq borcudur əslində. Bu borc anlayışının içinə çox şeylər daxildir. Onlardan biri də insan zəkasının və əlinin yaratdığı gözəlliklərə layiq olduğu dəyəri zamanında verə bilməkdən ibarətdir.

Qiymətli hədiyyələrlə, maddi sərvətlə deyil, sözlə, ürəkdən gələn NİDA ilə! Əgər xüsusi nitq hissəsi sayılan nidaların çoxu köksümüzdən dərin heyranlıq duyğularının ifadəsi kimi özümüzdən asılı olmadan qopursa, deməli, qarşısında nə isə xüsusi bir görüntü var. Yaxşı mənada xüsusi mənzərə yarada bilənləri, yaxşı mənada xüsisi olan insanları dəyərləndirməkdən vaz keçməyək! Əgər həqiqətən xüsusidirsə, əsli surətdən – səmimi sözü tərifdən seçə biləcəkdir.

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla