AZ

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Washington

Bakı, 24 aprel, AZƏRTAC

ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketində nəzərdə tutulan ATACMS taktiki ballistik raketləri və hava hücumundan əlavə müdafiə vasitələri döyüş meydanındakı vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişə bilər.

AZƏRTAC “Washington Post” qəzetinə istinadla xəbər verir ki, bu iddia ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi tərəfindən səsləndirilib. Onun sözlərinə görə, ATACMS yaxın gələcəkdə Rusiyanın cəbhədəki logistik imkanlarını zəiflədə bilər.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə edəcəyi gözlənilir. Eyni zamanda, ABŞ-ın Kiyevə tədarük edəcəyi hava hücumundan müdafiə sistemləri Ukrayna ordusu üçün döyüş meydanında yaranan ağır vəziyyəti yüngülləşdirməyə yardım edəcək.

Xatırladaq ki, aprelin 23-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana hərbi yardımın göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilərək Kiyevə verilməsi ilə bağlı qanun layihələrini təsdiqləyib. Paketdə nəzərdə tutulan 95 milyard dollar vəsaitin 61 milyard dolları Ukraynaya ayrılıb. Qanun layihəsi bundan sonra imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək. Amerika lideri qanunu aprelin 24-də imzalayacağını vəd edib.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla