AZ

Nəzir - Akif Abbasov yazır

Nəzir

Akif ABBASOV

(hekayə)

Əliqulu Kür Rayonu Maarif Şöbəsinin inspektoru idi. Orta boylu, yekəqarın bir kişiydi. Rayon mərkəzindəki məktəblərdən başqa daha 80-dən artıq kənd məktəbi vardı.

Məktəb direktorları müəllimlərin maaşlarını rayon bankından alandan sonra şöbənin baş mühasibinə və inspektora yaxınlaşır, hərəsinə 10 manat şirinlik verirdilər.

Əliqulu müəllim də 10-15 kənd məktəbinə baxırdı.

Ötən əsrin 80-ci illəri idi. İslam müəllim bayaqdan dayanıb Əliqulu müəllimi gözləyirdi ki, onun «nəzirini» versin. Əliqulu isə birdən-birə harasa yoxa çıxmışdı.

Hava isti idi. İslamın nəfəsi daralır, səbri tükənirdi. Onun direktor işlədiyi məktəb rayon mərkəzindən haradasa 50 kilometr aralıda - Xəzan rayonuna yaxın bir məsafədə yerləşirdi. Hələ istidə bu qədər yolu qət etmək lazım idi. Gözləməkdən, yorğunluqdan və aclıqdan təngə gələn İslam avtobusa oturub kəndə gəldi. Müəllimlərin maaşını payladı.

Əliqulu heç də tələsmirdi. O, direktorlar sarıdan arxayın idi. Onu “görməmiş” yerlərindən tərpənməzdilər. Odur ki, arxayın işini qurtarıb maarif şöbəsinə qayıtdı. Burada onu gözləyən məktəb direktorlarından «nəzirini» alıb, İslam müəllimi soruşdu. Dedilər ki, gedib…

Yorulub əldən düşmüş İslam bir stəkan da çay içib təzəcə ayağa qalxmışdı ki, maşın səsi eşitdi. Pəncərədən baxanda göy rəngli “Moskviç”i tanıdı və məsələni başa düşdü. Əliqulunun maşını idi. O, ərinmədən, benzinə heyfsilənmədən 45-50 kilometr yol gəlmişdi ki, ona çatacaq “nəziri” alsın. Pis ənənə yarana bilərdi.

İslam cəld çölə çıxdı və qonağı qarşıladı, onu içəri dəvət etdi.

Əliqulu içəri keçmək istəmədi:

- Bu istidə otaqda nə var? Gəl gedək “Dalğa” kafesinə. Bir-iki parç pivə içək, sərinlənək.

Əliqulu iştahadan saz idi. Bir-iki parç pivə ilə onun qarnını doyuzdurmaq olmazdı. Bunu İslam yaxşı bilirdi. Ancaq inspektor indi onun qonağı idi. Qonağın qulluğunda durmalı olacaqdı.

İslam eşitmişdi ki, Əliqulu bir oturuma 2-3 araq, 10 pivə içə, 30 qutab, 15 kabab yeyə bilir. Salat, mer-meyvə, mineral su, qoyun pendiri, süzmə, dovğa, camış qatığı, qara kürü də öz yerində.

Bir dəfə məktəb direktorlarından hansısa onu evinə qonaq aparıbmış. Yeyib-içəndən sonra Əliqulunun könlünə qatıq düşüb. Gətiriblər, deyib ki, bu nə qatıqdır?! Əsil kənd qatığı - camış qatığı istəyirəm. Camış qatığı kənddə tapılmayıb, maşını sürüblər 15 kilometr aralıdakı kəndə. Geri qayıdanda kəndin çala-çuxur yolunda qatıq da dinc durmayıb - başlayıb atılıb-düşməyə və bir az “açılıb”. Əliqulu qatığı görən kimi deyib: “Bu camış qayığı deyil. Lap olsa da, mən beləsini deməmişdim”. Və başlayıb camış qatığının nəzəriyyəsindən danışmağa - bərk olur, bıçaqla güclə kəsilir, bankanı başı üstə aşağı çevirsən də, qatıqdan bir damcı yerə düşmür və s. və i.a.

“Dalğa” kafesinin sərin guşəsində Əliqulu yeyib-içib sərinlədikcə, İslamı tər yuyub aparırdı. Sifariş sifariş dalınca verilirdi. Bəziləri hətta əl dəymədən stolun üstündəcə qalırdı.

Nəhayət, məclis tamama yetdi. Əliqulu ayaq üstə güclə dayanırdı. İslam onun qolundan tutub maşına doğru apardı. Əliqulu əlini irəli uzadıb:

- Hə, bunlar öz yerində. Mən sənin qonağın oldum. Ev sahibi kimi xidmət göstərdin. İndi isə «nəzirimi» ver.

İslam mat-məəttəl qalmışdı: “Belə “bahalı” qonaqlıqdan sonra da “nəzir”?. Lakin çox uzatmadı. Çıxarıb 10 manatı ona uzatdı. Bir az da çək-çevir eləsəydi, Əliqulu ya benzin pulunu da ondan istəyəcəkdi (yaxşı ki, yadına düşmədi), ya da geri qayıtmaq üçün taksi pulu alacaqdı.

Əliqulu sərxoş vəziyyətdə də maşını yaxşı idarə edirdi. Məclis adamı olduğundan buna bir növ adətkərdə olmuşdu. Odur ki, sükanın arxasına keçib maşını işə saldı:

- Di, xudahafiz, yaxşı dincəldik özümüz üçün, - deyib yola düzəldi.

İslam müəllim onun ardınca baxa-baxa qaldı. Bu hadisə ona dərs olmuşdu. Bundan belə maaşları alanda Əliqulu müəllimi “görməmiş” yerindən tərpənmirdi.
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla