AZ

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali 2023-cü ildə də çörək və çörək məhsullarının istehlakını azaldıb. 


Azərbaycan əhalisi adambaşına düşən istehlak miqdarına görə dünyada ən çox çörək istehlak edən xalqlardan biridir. Rəsmi statistik müayinələrə əsasən, əhalinin adambaşına illik çörək istehlakı daha 610 qram azalaraq 133,16 kq olub. 


Çörək istehlakında azalma dinamikası 2009-cu ildən müşahidə edilir. 2008-ci ildə adambaşına çörək istehlakı 157 kq-a yaxın olub. 


Əhali son illərdə süd və süd məhsullarının da istehlakını azaldır. Bu dinamika 2023-cü ildə də müşahidə olunub. Ötən il ərzində süd və süd məhsullarının istehlak miqdarı 3 kq azalaraq 248,7 kq təşkil edib. 


Müqayisə üçün bildirək ki, 2021-ci ildə Azərbaycan əhalisi hər il adambaşına 294,4 kq süd və süd məhsulları istehlak edirdi. Çörək və süd məhsullarının istehlakında azalma davam etsə də, son illərdə meyvə və tərəvəz istehlakı artır. Ötən il tərəvəz istehlakı bir qədər artaraq 112,2 kq-a, meyvə istehlakı isə 84,4 kq-a çatıb. 2001-ci illə müqayisə etdikdə görürük ki, Azərbaycanda adambaşına tərəvəz və meyvə istehlakı xeyli artıb. Həmin ildə tərəvəz istehlakı 63 kq, meyvə istehlakı isə 37 kq idi. Ötən müddətdə tərəvəz istehlakı 1,78 dəfə, meyvə istehlakı isə 2,27 dəfə artıb. 


İnsan üçün ən mühüm qida məhsullarından biri ət və ət məhsullarıdır. 2023-cü ildə ət istehlakında 0,62 kq artım baş verib və illik adambaşına düşən istehlak miqdarı 35,9 kq olub. 2001-ci ildə Azərbaycan əhalisi adambaşına cəmi 21 kq ət istehlak edə bilirdi. 


Digər qida məhsullarından kartof il ərzində 77,6 kq, balıq və balıq məhsulları 7,8 kq, yumurta 162 ədəd, qənd və qənnadı məmulatları 31,14 kq, yağ istehlakı isə 10,9 kq olub.


Vasif

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla