AZ

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

İdarə

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir və bizim üçün cəlbedici bazardır. Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Başqırdıstan Respublikasının Dövlət Büdcə İdarəsinin direktoru İrik Sakayev deyib.

O bildirib ki, SSRİ dövründən Başqırdıstan ilə Azərbaycan arasında əlaqələr mövcuddur.

“Azərbaycanın neft mütəxəssisləri 60-70-ci illərdə Başqırdıstan neftçilərinə çox köməklik ediblər. Biz tarixi baxımdan yaxın, qohum xalqlarıq və bu da qarşılıqlı əməkdaşlıq əlaqələrini şərtləndirir. Bu gün keçirilən Azərbaycan-Başqırdıstan biznes forumu olduqca əhəmiyyətlidir və iş adamları ilə yanaşı biznes strukturlarının da əməkdaşlıq əlaqələrinin yaranmasına köməklik göstərir. Misal üçün, forum çərçivəsində öyrəndik ki, Azərbaycan bazarında çiy südə və digər süd məhsullarına, şəkər çuğunduru, dənli-paxlalı bitkilərə, məişət yağına, heyvandarlıq üçün yemə, qımıza ehtiyac var. Yeri gəlmişkən, qımız ağ ciyər və nəfəs yolları xəstəlikləri üçün tibbi preparat kimi istifadə olunur, COVİD-19 pandemiyası zamanı qımız satışı rekord həddə yüksəlmişdi. Təsadüfi deyildi ki, pandemiya dövründə Başqırdıstan Rusiyanın subyektləri arasında infeksiyanın ən az yayılan və ölüm hallarının da daha az müşahidə olunduğu respublikası oldu. Bunun səbəbi isə əhalinin qımız içkisindən istifadə etməsi idi. Başqırdıstan adıçəkilən məhsulları tələbatdan artıq istehsal edir və Azərbaycan bazarına ixrac edə bilər. Bu istiqamətdə iş adamları hazırda danışıqlar aparırlar”, - deyə İ.Sakayev vurğulayıb.

İrik Sakayev onu da nəzərə çatdırıb ki, Azərbaycanda istehsal olunan bir sıra məhsullara da Başqırdıstanda ehtiyac var: “Azərbaycanda çox keyfiyyətli meyvə-tərəvəz, meyvə şirələri, şərab, duz istehsal olunur ki, bunları da biz idxal edib bazarda reallaşdıra bilərik”.

İdarə direktoru çatdırıb ki, Başqırdıstan Kuybışev dəmir yolu infrastrukturuna malikdir.

“Bu yoldan istifadə edərək istehsal etdiyimiz məhsulları Azərbaycan üzərindən tranzit olaraq Asiya bazarlarına çatdırmağı düşünürük. Hazırda Volqa-Xəzər su yolundan istifadə olunması ilə bağlı planlar hazırlanır. Bir neçə dəfə bu su yolundan istifadə etməklə İrana məhsul ixrac etmişik. Həmin yolla Azərbaycan ilə də nəqliyyat əlaqəsi yarada bilərik. Son olaraq, mən ilk dəfədir ki, Bakı şəhərinə gəlirəm. Şəhərin gözəlliyi, tarixi abidələri və insanların qonaqpərvərliyi məni valeh etdi. Belə gözəl ölkənin qonaqpərvər insanları ilə ünsiyyətdən məmnunam və ümid edirəm ki, əməkdaşlığımız davam edəcək”, - deyə İ.Sakayev bildirib.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla