AZ

“Neftçi” azlıqda qalan Rəşad Sadıqovla bacarmadı - REPORTAJ

Bu komandalar mövsüm boyunca turnir cədvəlinin yanaşı pillələrində qərarlaşıb. Təbii ki, hansısa birinin avrokuboklardan kənarda qalması uğursuzluq sayılacaq və “profilaktik” tədbirlərə səbəb olacaq. “Zirə” rəhbərliyi vacib paytaxt derbisi ərəfəsində komanda üzvləri ilə görüşməyi, onlara mənəvi güc verməyi lazım bilmişdi. Və... Və nəticə belə oldu ki, “Neftçi” büdrədi, “qartallar” azlıqda önəmli qələbə qazandı.

“Qarabağ”ı çıxsaq, sonuncu dəfə çempionatda “Araz-Naxçıvan”a uduzan “Neftçi” son 5 matçda uğurlu seriya yaxalayan “Zirə”nin qonağı oldu. “Zirə” qalib gələcəyi təqdirdə 2-ci pilləni “Neftçi”dən alacaqdı. “Ağ-qaralar” isə burda yerini möhkəmlətmək, avrokuboklara vəsiqəni daha tez təmin etmək istəyirdi. Rəşad Sadıqovun yetirmələri cari mövsümdə nə Adrian Mutunun, nə də Miodraq Bojoviçin vaxtında Bakı təmsilçisi üzərində qələbə qazana bilməmişdi. Oyunun əhəmiyyətini artıran səbəblərdən biri də bu idi.

İlk təhlükəli zərbə “ağ-qaralar”dan gəldi. 6-cı dəqiqədə Tyaqo səhvsiz oynayaraq, Mahmudovun cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi topun qarşısını aldı. Cəmi 2 dəqiqə sonra isə meydan sahiblərindən cavab gəldi. Künc zərbəsindən göndərilən ötürmədə Renatonun başla zərbəsi qapının azca üstündən keçdi. İlk dəqiqələrdən tərəflərin aqressivliyini görmək elə də çətin deyildi. Artıq 10-cu dəqiqədə qonaqlar ikinci dəfə “qartallar”ı daha diqqətli olmağa məcbur etdi. Ozobiçin gözəl ara ötürməsindən sonra təkbətəkə gedən Morenonun iti bucaq altından yaxın sağ küncə vuruşunu qolkiper inamla dəf etdi. Təzyiqi artıran “ağ-qaralar” 15-ci dəqiqədə penalti qazandı. Şinyaşikinin qapı qarşısına verdiyi ötürmə zamanı top Qismətin qoluna dəydi. VAR-da epizodun təkrarına baxan Məmmədov penalti qərarını təsdiqlədi. Topun arxasına keçən Emin Mahmudov fürsəti maksimum şəkildə dəyərləndirdi – 0:1. Hesabda geri düşən qəsəbə təmsilçisi bərabərlik qolu üçün pressinqi artırdı. 28-ci dəqiqədə Salifu “çərçivə”ni yoxladı. Amma Rza inamsız oynasa da, heç də qüvvətli olmayan vuruşu dəf edə bildi. İlk hissənin sona çatmasına 2 dəqiqə qalmış hesab bərabərləşdi. Qismətin sağ cinahda yaranmış boşluqla irəliləyib cərimə meydançasına göndərdiyi topu Rəhim tora qovuşdurdu – 1:1. İkinci yarıya zirəlilər daha aqressiv başladı. Elə 67-ci dəqiqədə bu aqressivlik qırmızı vərəqəylə nəticələndi. Ceyhun komandasını 10 nəfərlə qoydu. Buna baxmayaraq meydan sahibləri hücumda daha da inamlı təsir bağışlayırdı. 73-cü dəqiqədə standart vəziyyətdən sonra Çantakias hesabı dəyişsə də qol qeydə alınmadı. Yan xətt hakimi ofsayd bayrağını qaldırdı. Qısa müddət sonra “Zirə” istəyinə çatdı. Qismətin künc zərbəsindən göndərdiyi hava ötürməsini qonaqlar uzaqlaşdırmaq istədi. Lakin bunu düzgün şəkildə bacarmadılar və topun boşluqda olduğunu görən Fuad tablodakı rəqəmlərdən birini dəyişdi– 2:1. 85-ci dəqiqəsində isə hesab arasındakı fərq 2 topa çatdı. Eldarın ötürməsini Kulaç qola çevirdi – 3:1. Təbii ki, burda Rzanın inamsız oyunu gözdən qaçmadı. 2-ci yerin əldən getdiyini anlayan Bojoviçin komandası sonrakı dəqiqələrdə çox çalışsa da, heç fərqi də azalda bilmədi. “Qartallar” əzmkar qələbə ilə təkcə turnir cədvəlindəki mövqeyini yox, əhval-ruhiyyəsini də yaxşılaşdırdı. “Neftçi” isə 4-cü pillədəki “Sabah”dan cəmi bir pillə irəlidədi.

Gözdən qaçmadı
* “Neftçi”nin heç bir azarkeş qrupu matçda iştirak etmədi. “Qartallar” isə sona qədər komandasına dəstək oldu.
* 35-ci dəqiqədə İsmayıl İbrahimli Filip Ozobiçlə mübarizədə kobudluq etdi. Hakim “Zirə”nin futbolçusunu sarı vərəqəylə cəzalandırdı. Rəşad Sadıqov isə buna etirazını bildirərək “İntiqam, niyə “sarı” verirsəın” dedi.
* “Zirə” üçüncü qolu vurduğu vaxt Rəşad Sadıqov sevinmək əvəzinə taktiki sxem lövhəsiniəlinə alıb oyunçularına nəyisə izah edirdi.

KAMAL SƏFƏR

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla