AZ

Azərbaycan – Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib – Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində səfərin əsas məqsədi BAM tikilməsinin 50 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak olsa da mətbuat bu görüşü daha çox bölgədə gedən proseslərlə əlaqələndirir. Erməni mətbuatı sülhməramlı qüvvələrin Qarabağ ərazisindən çıxarılmasını əsas müzakirə mövzusu hesab edərək bunu Ermənistanın maraqlarına zərbə kimi dəyərləndirirlər. Erməni təhlilçilərinin şərhlərində təzadlı məqam ondan ibarətdir ki, özləri Rusiya sərhədçilərini və hərbi bazasını Ermənistandan çıxarılmasını tələb etsələr də niyə görəsə Rusiya hərbiçilərərinin Azərbaycan ərazisindən çıxarılmasını Ermənistana qarşı atılan addım kimi dəyərləndirirlər. Erməni məntiqinin anlaşılmazlığı da məhz burada özünü göstərir. Lakin Ermənistan politoloqlarının nə düşünməyindən asılı olmayaraq Azərbaycan öz siyasi gündəliyini özü müəyyən edir. Hazırda Azərbaycan Cənubi Qafqazda ərazisində xarici hərbi qüvvələrin mövcud olmadığı yeganə ölkədir. Bu isə Azərbaycan siyasi hakimiyyətinin hərbi-siyasi-diplomatik məharətinin nəticəsidir.
Azərbaycan – Rusiya münasibətlərinə yaxın tariximizin ötən üç onilliyi çərçivəsində nəzər saldıqda münasibətlərin qarşılıqlı gərginlikdən qarşılıqlı əməkdaşlığa necə keçid aldığını müşahidə etmək çətin deyil. Yeltsin Rusiyası zamanında torpaqlarımızın işğala məruz qalması və son 20 il ərzində Azərbaycan – Ermənistan – Rusiya üçbucağında balansın əhəmiyyətli dərəcədə ölkəmizin xeyrinə dəyişməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara söykənən siyasi-diplomatik gedişlərinin nəticəsidir. Belə bir uğur hələlik Rusiya ilə münasibətlərinin mürəkkəb olduğu heç bir ölkəyə nəsib olmayıb. Odur ki, bu günkü Rusiya – Azərbaycan münasibətlərini qarşılıqlı faydaya əsaslanan geniş spektrli əməkdaşlıq və hətta müttəfiqlik münasibətləri adlandırmaq olar. Lakin müttəfiqlik münasibətlərində olmaq heç də bütün hallarda Rusiyanın bütün istiqamətlərdə apardığı siyasəti dəstəkləmək anlamına gəlməməlidir. Ermənistan hazırda Rusiya-Azərbaycan münasibətlərini məhz bu kontekstdə şərh edir və guya Qərbə qarşı demarş siyasətində Rusiyanın Azərbaycan tərəfindən dəstəkləndiyini iddia edir. Beynəlxalq təşkilatlarda və bir sıra Avropa dövlətləri ilə qarşılıqlı təmaslarında Azərbaycanın adını Rusiya ilə birlikdə hallandırmağa cəhdlər edilir. Lakin reallıq başqa bir mənzərəni göstərir. Beynəlxalq siyasət sahəsində Azərbaycan kifayət qədər müstəqil və praqmatik siyasət yürüdür və Azərbaycanın milli maraqlarına cavab verməyən heç bir siyasəti dəstəkləmir. Rusiya- Azərbaycan münasibətlərində də ölkəmiz iqtisadi-ticari əlaqələrin inkişafı, tranzit nəqliyyat yollarının salınması və Avrasiya miqyaslı inklüziv layihələrin həyata keçirlməsinə üstünlük verir. Rusiya və Azərbaycan liderlərinin bu görüşündə də ölkələrimiz arasında əlaqələrin qarşıdakı dövrdə uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında imzalanmış “Azərbaycan-Rusiya əməkdaşlığı inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” müzakirə olunub. Azərbaycan və Rusiya rəhbərlərinin görüşü Qarabağ ərazisində müvəqqəti yerləşən sülhməramlı qüvvələrin ölkəni tərk etməsi ilə eyni vaxta təsadüf edir. Ona görə də bölgəki mövcud vəziyyətin müzakirəsi və bölgədə sülh yaradılması üzrə fikir mübadiləsinin aparılması da şübhəsizdir. Məqsəd Cənubi Qafqaz bölgəsində daimi sülhün və təhlükəsizliyin bərpa olunmasından gedərkən Zəngəzur dəhlizinin açılması zərurəti də meydana çıxır. Ermənistan siyasi hakimiyyətinin öz öhdəliklərini yerinə yetirməsi tələbi hələ də gündəlikdə qalan və öz həllini tapmamış məsələ kimi dövlət rəhbərlərinin apardığı danışıqlarda müzakirə olunub. Rusiya və Azərbaycan arasında günümüzün ən vacib məsələləri ətrafında davamlı müzakirələrin aparılması bölgənin gələcəyi ilə bağlı meydana çıxan problemlərin həllinə xidmət edir və bu kimi təmaslarda üçüncü tərəfə və ya bütövlükdə bölgənin ümumi maraqlarına zidd olan məqamlar axtarmaq yersizdir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı 

Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla