Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış etdiyi forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslər iştirak edib.
Onların arasında Güney Azərbaycanın Marağa şəhərindən olan və hazırda ABŞ-da yaşayan nüfuzlu alim Dr. Şapur Ənsari də olub.
Fasilə zamanı Prezidentlə görüşən Ş.Ənsari, Heydər Əliyevlə münasibətini xatırladıb.
Azərbaycanın inkişafı, Heydər Əliyevin siyasi kursun davam etdirilməsinə görə məmnunluğunu bildirib.
Forumdan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilən "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalını Şapur Ənsariyə təqdim edib.
Qeyd edək ki, Şapur Ənsari 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-ə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb.
Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 50 ildən çoxdur ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez Azərbaycana gəlib-gedir.
Keçmiş Prezident Heydər Əliyevlə də yaxın münasibətləri olan Şapur Ənsari, Azərbaycan həqiqətlərinin dünyada yayılmasında rol oynayıb.
O, Güney Azərbaycan və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və təmini istiqamətində fəaliyyətlərini davam etdirir.
visiontv.az