AZ

“Əcnəbi göydə balonlarla gəzir, biz hələ ...” - TƏHLİL

Bu gün Azərbaycan kubokunda yarımfinal oyunlarına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, finalçılar “Qəbələ” – “Zirə” və “Qarabağ” – “Neftçi” matçlarında bəlli olacaq.

Bu qarşılaşmalar Azərbaycan üçün qeyri-adi finalla nəticələnə bilər. Əgər hər iki görüşdə meydan sahibləri mərhələ adlasa, iyunun 2-dəki həlledici görüşdə çempionla sonuncu yerin sahibi qarşılaşa bilər.

Çempionla autsayder

“Qarabağ” çempionluğu yetərincə erkən təmin edib. Qurban Qurbanovun yetirmələri səfərdəki 4:0 hesablı qələbə ilə finala vəsiqəni də demək olar qazanıb. Çempionun bu gün mübarizəni dayandırması möcüzə deyil, daha artığı olacaq. Digər görüşdə turnir cədvəlinin ikincisi “Zirə” “Qəbələ”nin qonağı olacaq. Bölgə təmsilçisi Premyer Liqada 10-cu – sonundu yeri rəsmiləşdirməyə yaxındır. Son 5 turda bir məğlubiyyət, hətta heç-heçə komandanı I Liqaya yuvarlayacaq.

Aciz “balacalar”

Əslində, indiki yarımfinalın tərkibinə də toxunmağa dəyməz. Çünki klubların dördü də həmişə olduğu kimi Premyer Liqa təmsilçiləridir. 1992-ci ildən təşkil olunan Azərbaycan kubokunda aşağı liqa klubları heç vaxt finala yüksəlməyib. Elə yarımfinalda “balacalar” bir dəfə görünüb. Aciz olan aşağı liqa klublarının hətta 1/4 finala çıxması “bayram”a çevrilir. Belə hadisələri barmaqla saymaq olar.

Kubokda uçan “balonlar”

Azərbaycandan fərqli, dünya futbolunda aşağı liqa klubları heç də belə aciz deyil. Kubok qazanan finalda oynayan onlarla belə komanda var. Uzağa getməyib cari mövsümə nəzər alsaq, güclü Almaniya kubokunda finalçılardan biri “Kayzerslautern” II Bundesliqanı təmsil edir. Onun rəqibi isə məğlubedilməz çempion “Bayer” olacaq. Kubok qazanan, final oynayan aşağı liqa klubları arasında uzun illər tərkibində olduğumuz SSRİ təmsilçisi də olub. 1969-cu ildə yarışın qalibi adına “Karpatı” layiq görülüb. Yüksək Liqanı tərk edən və ya ora yüksələn komandaların da finalda çıxışına dəfələrlə rast gəlinib. Amma Mirzə Ələkbər Sabirin “Əcnəbi göydə balonlarla gəzir, biz hələ ...” ifadəsi bizim aşağı liqa klublarına da uyğun gəlir.

“Qəbələ”: “Uiqan”, yoxsa “Atletiko”

“Qəbələ” finala yüksəlsə və Premyer Liqanı tərk etsə, dünya futbol tarixinə belə halla üzləşən komandalar sırasına düşəcək. İlk baxışdan bu hadisə unikal görünsə də, əslində onlarla belə hal yaşanıb. Məsələn, 2012/13 mövsümündə İngiltərə kubokunu, 2017/18 mövsümündə isə qonşu Rusiyada eyni mükafatı qazanan komandalar aşağı liqaya yuvarlanıb. Bu uğurlu-uğursuz komandalar “Uiqan”la “Tosno” olub. Aşağı liqaya düşdüyü il kuboka baxa-baxa qalan, yəni finalda uduzanlar da çox olub. Adlı-sanlı “Atletiko” 1999/2000 mövsümündə, qonşu Türkiyədə “Akhisarspor” 2018/19 mövsümündə ikiqat üzüntü ilə üzləşib.

Sabirabad futbolunda tarixi an: Final və vida

Əgər “Qəbələ” Premyer Liqanı tərk etdiyi il finala yüksəlsə, çoxları belə hadisənin Azərbaycanda ilk dəfə yaşandığını zənn edəcək. Hərçənd heç də belə deyil. Uzun illər əvvəl – 31 il öncə eyni hadisə yaşanıb. Sabirabad “İnşaatçı”sı Azərbaycan kubokunun finalına qədər irəliləyib və həmin matçda da oynayıb. Amma 1993-cü il mövsümü komanda üçün həm final, həm də aşağı dəstəyə yuvarlanmaqla yadda qalıb. Həlledici görüşdə uduzan “İnşaatçı”nın rəqibi isə həmin mövsümün çempionu “Qarabağ” olub. İndi də Ağdam klubu finalda oynayacaq və çempionatın qalibidir. 31 il sonra yenidən dubl arzusunda olan ağdamlıların rəqibi də həmin vaxtkı kimi aşağı yuvarlanan klub ola bilər.

31 ilin fərqi

Amma “Qəbələ” Premyer Liqada yerini qoruya bilməsə, amma yarımfinalda “Zirə” səddini keçsə, “İnşaatçı”dan fərqlənəcək. 1993-cü ildə kubokun finalı mövsümün təxminən ortalarında baş tutub. Həmin vaxt da çempionatdakı işləri yaxşı getməyən Sabirabad klubu hələ yerini itirməmişdi. Heç “Qarabağ” da hələ çempion deyildi. Amma 31 il sonra mövsüm kubokun finalı ilə başa çatacaq. “Neftçi” ilə görüşdə möcüzə baş verməsə, “Qarabağ” finala çempion kimi çıxacaq. Premyer Liqa yekunlaşdığı üçün rəqibin də yekun mövqeyi bəlli olacaq. “Qəbələ” yarımfinalı keçsə, finala I liqa və avrokubokları eyni anda düşünərək çıxacaq.

Bizim reallıq

Amma “Qəbələ”nin “İnşaatçı”nın yaşadığını təkrarlaması, təkcə oyunların nəticələrindən asılı olmayacaq. Bölgə təmsilçisi “Zirə”ni keçə də bilər, Premyer Liqada sonuncu da ola bilər. Lakin komanda sayının artırılması, “qırmızı-qaralar”ın elitada qalması da mümkündür. Onda “Qəbələ” Premyer Liqanı tərk etdiyi il finala çıxan 2-ci komanda olmayacaq. Əvəzində son pillənin sahibi kimi yarımfinalı adlamış kimi qalacaq.

Qeyd edək ki, bugünkü “Qəbələ” – “Zirə” oyunu saat 17:00-da, “Qarabağ” – “Neftçi” matçı üç saat sonra başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə:
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla