AZ

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

Mirhəsən

Bakı, 24 aprel, AZƏRTAC

Ermənistanın paytaxtı İrəvanın 36 kilometr qərbində yerləşən Metsamor Atom Elektrik Stansiyası ən köhnə nüvə texnologiyası ilə inşa edilib və dünyada ən təhlükəli AES hesab edilir. Müəssisənin istismar müddəti artıq çoxdan başa çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulsa da, stansiyanın istismar müddəti artıq 40 ili keçib. Ona görə də onun fəaliyyəti dayandırılmalıdır!

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov jurnalistlərə açıqlamasında söyləyib.

İctimai Birliyin sədri deyib: “Ermənistanda Atom Elektrik Stansiyasının tikintisi barədə qərar 1967-ci ildə qəbul olunub. Onun tikintisinə 1969-cu ildə başlanılıb və 1976-ci ilin dekabrında istismara verilib. Bu bir faktdır ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. Bizimlə bərabər Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, bir neçə qeyri-hökumət təşkilatları Nüvə Enerjisi Sammitinə həmin atom stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı müraciət ünvanlamışıq. Çünki bu, region dövlətləri üçün böyük təhlükə mənbəyidir, bəşəriyyət üçün çox dəhşətli faciəyə səbəb ola bilər”.

M.Həsənov əlavə edib ki, Metsamor Atom Elektrik Stansiyasında Çernobıldakı kimi qəza hadisəsi baş verərsə bütün bəşəriyyət üçün fəlakəti nəticələrə səbəb ola bilər və heç bir halda onun ağır nəticələrindən qoruya bilməz: “ Üstündən neçə illər ötsə də, Çernobıl Atom stansiyasında baş verən qəzadan bu gün çoxlu insanlar əziyyət çəkir. Bu təhlükə Demokl qılıncı kimi başımız üzərindədir. Üstəlik stansiya seysmik fəal zonada yerləşir. Mütəxəssislər Metsamor AES-də qəza baş verəcəyi təqdirdə fəlakətin səviyyəsinin Çernobıl AES-dəki partlayışdan geri qalmayacağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Belə dəhşətli təhlükə mənbəyinin öz fəaliyyətini dayandırması üçün başqa hansı şərtlər olmalıdır?”.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla