AZ

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Bakı, 24 aprel, AZƏRTAC

Qərbi Zelandiya muzeyindən olan danimarkalı arxeoloqlar Qərbi Zelandiya adasında aparılan qazıntı işləri zamanı Makedoniyalı İsgəndərin simasının təsvir edildiyi tunc bəzək əşyası tapıblar. Hesablamalara görə, artefaktın yaşı təxminən 1800 ildir.

AZƏRTAC xəbər verir ki, tədqiqat elmi müəssisənin rəsmi saytında dərc olunub.

Alimlər Rinqsted şəhəri yaxınlığındakı sahədə metalaxtarandan istifadə etməklə aparılan axtarışlar zamanı böyük sərkərdənin portretini üzə çıxarıblar.

Tədqiqatçıların sözlərinə görə, tunc xəlitədən olan məmulat döyüşçülər üçün aksesuar rolunu oynayırdı. Arxeoloqlar qeyd ediblər ki, belə əşyalar onların sahiblərinin statusunun göstəricisi qismində xidmət edib. Döyüşçülər bəzək əşyalarını qalxana sancır və ya qılınc üçün kəmərdə gəzdirirdilər.

Daha bir müəmmalı məsələ Makedoniyalı İsgəndərin özü ilə bağlıdır. Böyük əraziləri zəbt etməyə və Hindistanın özünədək çatmağa nail olsa da, nə İsgəndər, nə də onun ordusu heç vaxt Qərbi Zelandiyada olmayıb. Tapılan portret isə onun hökmranlıq dövrü başa çatdıqdan 500 il sonra hazırlanıb.

Alimlər hesab edirlər ki, Makedoniyalı İsgəndərin portreti şəklində bəzək əşyasını eramızın 198-ci ilindən 217-ci ilinədək hökmranlıq edən Roma imperatoru Karakalla dəbə çevirib. Karakalla Böyük İsgəndərə və onun yürüşlərinə o dərəcədə aludə idi ki, özünü onun reinkarnasiyası hesab edirdi. Hazırkı dövrə gəlib çatan təsvirlərə görə, imperatorun şəxsi qalxanı üzərində Makedoniyalı İsgəndər təsvir olunub.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla