Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə törədilən terror aktında əli olduğunu düşündükləri İranın daxili işlər naziri Əhməd Vahidinin saxlanılmasını tələb ediblər.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Argentina 1994-cü ildə AMİA-ya (yəhudi mədəniyyət mərkəzi) hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir və onlar tam cəzasızlıqla öz liderlik mövqelərini tutmağa davam edirlər. Onlardan biri AMİA-ya hücumun səbəbkarlarından biri kimi Argentina ədliyyəsi tərəfindən axtarışa verilmiş Əhməd Vahididir”, – departamentin açıqlamasında bildirilir.
Argentina Xarici İşlər Nazirliyi qeyd edib ki, bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziri vəzifəsini tutur və hazırda Pakistan və Şri-Lankada səfərdə olan hökumət heyətinin tərkibindədir.
Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpol prosedurlarına uyğun olaraq həbs olunmasını xahiş edib.
Mənbə: Haber Global