AZ

Hünər dastanı yazan dağlar qartalı

Canına yağı dadanmış Vətənin çətin günündə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Əliqismət Mükafat oğlu Yaqublu hər an silaha sarılıb döyüş meydanına atılmaq üçün məqam gözləyirdi. Nəhayət ki, 2020-ci ilin sentyabrın 27-də başlanan haqq savaşımızda arzusuna çatıb. Komandir kimi birbaşa səngərə ermənilərlə savaşa atılıb. Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçının bir neçə kəndinin azadlığı uğrunda yağıya qan qusdurub. Ürəyi Vətən, torpaq sevdalı igid daha sonra Şuşada əlbəyaxa döyüşlərdə xüsusi şücaət göstərib. Onlarla düşmən hərbiçini süngü ilə məhv edib, xeyli yaralı yoldaşını müharibə meydanından çıxartmaqla onlara ikinci həyat verib. 5 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində düşmən gülləsinə tuş gəlib və 28 yaşında şəhidlik zirvəsinə ucalıb. Baş leytenant doğulub boya-başa çatdığı Lerik rayonu, Kələxan kəndində əbədi məkan tapıb.

Ölümsüzlüyə qovuşan, milyonların ürəyində özünə yer edən şəhid Əliqismət Yaqublu dövlət tərəfindən ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə, “Vətən uğrunda”, “Şücaətə görə”, “ Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın, Kəlbəcərin azadlığı uğrunda medallarına layiq görülüb. Bütün Azərbaycan xalqına əziz olan Əliqismətin özündən sonra Vətəninə əmanət qoyduğu Ələsgər və Məhəmməd adlı oğulları var.

Lerik camaatı həmişə öz qəhrəman oğulu ilə qürur duyur. İndi dağlar diyarında onun adını özündə yaşadan yadigarlar çoxdur. Adəti üzrə, yenə də doğma Kələxan kəndində doğum günü xatirəsi anıldı. Rayon rəsmilərin, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri ölməz qəhrəmanın uyuduğu müqəddəs yeri ziyarət edib, ehtiram əlaməti olaraq məzarı önünə gül-çiçək dəstələri düzdülər. Həmçinin rayon məktəblilərin arasında Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Yaqublunun həyatına və döyüş yoluna həsr olunmuş "Nə? Harada? Nə zaman?" formatlı intellektual yarış keçirildi.

1992-ci ildə Lerikin Kələxan kəndində dünyaya göz aşan Əliqismət Mükafat oğlu Yaqublu 2015-ci ildə Ali Hərbi Məktəbi bitirib Qobustanda yerləşən hərbi hissəyə təyinat alıb. Düşməndən qisas almaq məqsədilə elə həmin ildə ərizə yazaraq ön cəbhəyə xidmətə yollanıb. Vətəni göz-bəbəyi kimi qorumaqla, hərbi təlimlərdə fəal iştirak edərək bütün sınaqlardan uğurla keçib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla