“Bu oyunda qalib gəlsəydik, avrokubok zonası ilə xal fərqimiz elə də çox olmayacaqdı.
Təəssüf ki, 3 yox, 1 xal qazandıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”lə oyun haqda danışan “Səbail”in yarımmüdafiəçisi Valdemar Almeyda (Pana) deyib.
“ASCO Arena”da baş tutan qarşılaşma 3:3 hesabı ilə başa çatdı ki, bu, bayıllıların ziyanına işlədi.
Avrokuboklara vəsiqə uğrunda əsas rəqiblər – “Neftçi”, “Sabah” və “Turan Tovuz”un qələbələri fonunda “Səbail”in bərabərə qalması tunir cədvəlində aşkar fərq yaratdı.
Hazırda aktivində 39 xal olan “dənizçilər”i 4-cü pillədəki “Sumqayıt”dan 5 xal ayırır. Sona 6 tur qalmış heç də az fərq deyil.
Portuqaliyalı legioner çətinliklərə baxmayaraq, sona qədər mübarizə aparacaqlarını gizlətməyib:
“Vəziyyət nisbətən çətinləşsə də, riyazi baxımdan şanslarımız qalmaqdadır. Komandalar xal baxımından bir-birinə çox yaxındırlar.
Sona qədər mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. İndiki mərhələdə rəqiblərin xallarına baxmaqdan çox öz nəticələrimizə diqqət yetirməli və onu yaxşılaşdırmalıyıq”.
HƏBİB