AZ

“Napoli” ÇL-dən uzaqlaşır - TURUN İCMALI

A seriyasının 33-cü turunda əsas diqqət bazar ertəsinə təyin olunan Milan derbisinə yönəlmişdi.

"Football-plus.az" xəbər verir ki, “İnter” əzəli rəqibinə qalib gələcəyi halda finişə 5 tur qalmış çempionluğu rəsmiləşdirəcəkdi. Turun cümə, şənbə və bazar günlərində baş tutan oyunları bu səbəbdən derbinin “kölgəsində qaldı”.

Tura aprelin 19-da keçiriən iki oyunla start verildi. Çərşənbə axşamı İtaliya kubokunun cavab yarımfinal oyununda qarşılaşacaq “Latsio” ilə “Yuventus” çempionat matçlarını cümə günü keçirdilər. Bu komandaların nəticələri fərqli oldu. “Latsio” Genuyada maksimum xal qazandı. Luis Albertonun ikinci hissədə vurduğu yeganə qol paytaxt komandasına “Cenoa” üzərində vacib qələbə qazandırdı. Romalılar bununla ötən il avqustun 27-də evdə alınan minimalhesablı məğlubiyyətin əvəzini çıxmış oldular. Xatırladaq ki, onda komandanı çalışdıran Mauritsio Sarri martda qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilib. Onun yerini tutan İqor Tudorun çalışdırdığı “Latsio” çempionatın son 4 oyununda 3-cü qələbəsini qazandı.

Əvvəlki turun Turin derbisində “Torino” ilə qolsuz “sülh”ə razılaşan “Yuventus” yenə qalib gələ bilmədi. “Ağ-qaralar” Kalyaridəki oyunun ilk hissəsində kobudluqla daha çox yadda qaldılar. İki penalti qolu ilə geri düşən ölkə nəhəngi fasilədən sonra özünə gələ bildi. Massimiliano Alleqrinin komandası ardıcıl iki heç-heçə ilə mövsümü 2-ci yerdə başa vurmaq perspektivinə bir qədər də “kölgə saldı”. “Yuventus” çempionatın son 12 oyununda yalnız 2 qələbə qazanıb.

“Napoli” də azarkeşlərini məyus etməkdədi. İtaliyanın son çempionu bu dəfə səfərdə “Empoli”dən xal ala bilmədi. Qapısında 4-cü dəqiqədə qol görən neapollular buna heç cür cavab verə bilmədilər. Françesko Kaltsonanın çalışdırdığı komanda son 5 oyunda hesabına elə bu qədər xal yaza bilib. Neapollular belə gedişlə yeni mövsümdə Çempionlar Liqasında (ÇL) oynaya bilməyəcəklər. Hər halda titulu itirmək ehtimalı çoxdan ortaya çıxan “Napoli” qeyri-sabit çıxışa heç cür son soya bilmir.

Həftəiçi İtaliyanı avrokuboklarda uğurla təmsil edən komandalar bazar günü çempionatda da uğur qazandılar. “Liverpul”a evdə uduzsa da, Avropa Liqasında yarımfinala adlayan “Atalanta” Montsada eyniadlı rəqibinə 2:1 hesabıyla qalib gəldi. Ehtiyatda bir təxirə salınan oyunu olan berqamolular ÇL-ə vəsiqə qazanmaq şansını davam etdirirlər.

Konfrans Liqasının cavab oyununda “Viktoriya”ya (Çexiya) 2:0 hesabıyla qalib gələrək yarımfinala çıxan “Fiorentina” Salernoda çətinə düşsə də, son dəqiqələrdə istəyinə çatdı. Vinçentso İtalyanonunun komandası Kuame ilə İkonenin qolları ilə çempionatdakı 5 oyunluq qələbəsizliyə son qoydu. “Salernitana” isə artıq 15 oyundu qalib gələ bilmir. Bu matçlarda hesabına yalnız 3 xal yaza bilən salernoluların yeni mövsümə B seriyasında başlayacağını praktki olaraq iddia etmək mümkündü.

33-cü tur
Cenoa – Latsio 0:1
Luis Alberto, 67.
Latsio: Mandas, Xila, Kazale (Romanyoli, 46), Patrik, Latsari (Hüsay, 36), Maruşiç, Vesino, Kamada, Luis Alberto (Rovella, 86), Felipe Anderson (Kataldi, 68), Kastelyanos (Pedro, 68).
Kalyari – Yuventus 2:2
Qaetano, 30-p. Mina, 36-p. – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kambyaso (Aylinq-Cunior, 86), Lokatelli (Milik, 74), Rabyo, Alkaras (Yıldız, 46), Vea (Makkenni, 68), Kyeza, Vlahoviç.
Empoli – Napoli 1:0
Çerri, 4.
Napoli: Meret, Natan (Matsokki, 46), Juan Jezus, Estiqor, Di Lorentso, Zyelinski, Lobotka, Zambo Angissa (Simeone, 89), Kvaratsxeliya (Raspadori, 72), Politano (Nqonq, 72), Osimhen.
Salernitana – Fiorentina 0:2
Kuame, 80. İkone, 90+5.
Fiorentina: P.Terraçano, Parizi, Lukas Martines, Ranyeri, Lopes (Artur, 70), Kayode (Faraoni, 82), Dunkan (Mandraqora, 82), Sottil, Kastrovilli (Kuame, 70), İkone, Barak (Milenkoviç, 87).
Montsa – Atalanta 1:2
Maldini, 89 - De Ketelare, 44. Ture, 72.
Atalanta: Karnesekki, Kolaşinats, Hin, Toloy (Cimşiti, 68), Bakker (Rucceri, 46), Ederson (De Roon, 68), Holm (Hatebur, 28), Paşaliç, De Ketelare (Koopmeyners, 64), Ture, Lukman.
Verona – Udineze 1:0
Koppola, 90+3.
Sassuolo – Leççe 0:3
Jendri, 11. Dorqu, 15. Pikkoli, 61.
Torino – Frozinone 0:0
Roma – Bolonya 1:3
Azmun, 56 – Əz-Azzuzi, 14. Zirkzee, 45. Salemakers, 65.
Milan – İnter 1:2
Tomori, 80 – Açerbi, 18. Türam, 49.
1. İnter 33 27 5 1 79-18 86
2. Milan 33 21 6 6 64-39 69
3. Yuventus 33 18 10 5 47-26 64
4. Bolonya 33 17 11 5 48-26 62
5. Roma 32 16 7 9 57-38 55
6. Atalanta 32 16 6 10 59-37 54
7. Latsio 33 16 4 13 42-35 52
8. Napoli 33 13 10 10 50-41 49
9. Fiorentina 32 13 8 11 45-36 47
10. Torino 33 11 13 9 31-29 46
11. Montsa 33 11 10 12 35-43 43
12. Cenoa 33 9 12 12 35-40 39
13. Leççe 33 8 11 14 30-48 35
14. Kalyari 33 7 11 15 36-56 32
15. Verona 33 7 10 16 31-44 31
16. Empoli 33 8 7 18 26-48 31
17. Udineze 32 4 16 12 30-48 28
18. Frozinone 33 6 10 17 40-63 28
19. Sassuolo 33 6 8 19 39-65 26
20. Salernitana 33 2 9 22 26-70 15
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 16, Jiru (Milan), Osimhen (Napoli), Qudmundsson (Cenoa) - 13.

Oyundan sonra
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Rəqibə 7 dəfə əks-hücum qurmaq şansı verəndən sonra da səhv buraxmağa davam etdik. Oyuna doğru anlayışla başlamadıq və texniki cəhətdən çox sayda səhv etdik. İkinci hissədə səhvlərimizdən lazımi nəticələr çıxardıq. Matçın əvvəlində rəqibə bu dərəcədə imkanlar vermək olmaz. Belə halda bəxtin gətirərsə, oyun 0:0 hesabı ilə nəticələnəcək. Amma biz qapımızdan iki top buraxdıq. Ümumiyyətlə, Kalyaridə oynamaq və qələbə qazanmaq həmişə çətindi. İnkişafını davam etdirmək və səviyyəni artırmaq istəyirsənsə, oyunu anlamağı bacarmalısan. Futbol oyunlardan ibarət olan çətin idman növüdü. Biz oyuna çox yaxşı başlayan rəqibin səviyyəsində olmalı, bəlkə də lazımi nəticə qazanmaq üçün texniki planda bir qədər kobud oynamalı idik. Fasilədə özüm də daxil olmaqla bütün oyunçularımız əvəzlənməli idi. “Çempionlar Liqası zonası”nda qalmaq vəzifəsi? Bir az səbir etmək lazımdı, stəkan hələ ki yarıya qədər dolub. İtaliya kuboku? Məsələ heç də çempionatdakı son uğursuzluqlarımızı ört-basdır etməklə deyil, finala çıxmaqla bağlıdı”.
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla