AZ

“Görəsən, oradakı bulağımız dururmu?!” - 71 yaşında evinə qayıdır

Azərbaycan və Ermənistan Qazaxın işğal olunmuş dörd kəndinin qaytarılması barədə razılığa gəliblər. Buraya Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri daxildir.

Bu kəndlər işğal olunan zaman ermənilər orada misli görünməmiş faciələr törədiblər. Həmin hadisələrin şahidlərindən biri də 71 yaşlı Valeh Məmmədovdur. O, Bağanıs Ayrım kəndinin sakini olub. İşğala qədər kənddə avtobus sürücüsü işləyib. Valeh Məmmədov Azvision.az-a danışıb.

"Ermənilər işğala qədər hər gün kəndi atəşə tuturdular. Martın 24-ü səhər saat 10-da isə böyük qoşunla kəndə girdilər. Bizim isə əlimizdə silah yox idi. Özümüzü heç cür müdafiə edə bilmirdik. Polislərin köməyinə sığınmışdıq. Kəndin girəcəyində Alməmməd kişini öldürdülər. Daha sonra Qədeş kişini, onun həyat yoldaşı, qızları və 15 günlük nəvəsini mal tövləsinə salıb yandırdılar. O hadisələr hələ də gözümün qabağındadır. İki polisimiz hücumun qarşısını alarkən şəhid oldu.

Daha sonra ermənilər geri çəkildilər. Sağ qalan cavanlar ailələrini başqa rayona yerləşdirib yenidən Bağanıs Ayrıma qayıtdılar. Qayıdarkən ailənin yandırıldığı tövləyə baxdım. Onlar bir-birinə doğru sürünə-sürünə ölmüşdülər.

Bağanıs Ayrıma Gəncədən hərbçilər gəldilər. Evlərimizi, məktəblərimizi təmir edib, dedilər ki, bizi yenidən kəndimizə geri qaytaracaqlar. Ancaq qismət olmadı. 1990-cı il avqustun 20-də ermənilər kəndə ikinci dəfə hücum etdilər. Bu dəfə topla atəş açırdılar, kənddə qalmaq heç cür mümkün deyildi. Məcbur qalıb evlərimizi tərk etdik. Maşınla Aşağı Əskipara kəndinə gəldik. Bununla da bizim Qazaxda köçkün həyatımız başladı. Sonralar Quşçu Ayrım kəndindəki hündür təpədən durub Bağanıs Ayrıma baxırdım".

V.Məmmədov 37 yaşında qoyub çıxdığı kəndinə yenidən qayıtmaq arzusundadır.

"Kənddən çıxanda 37 yaşım var idi. Oraya 71 yaşımda gülə-gülə, ayaqları yalın qayıdacağam. Kəndin aşağı tərəfində, çayın qırağında yaşayırdıq. Gözəl mənzərəli yerimiz var idi. Görəsən, oradakı bulağımız dururmu?! Oradan su içəcəyəm".

Xatırladaq ki, ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdikləri ilk faciə Bağanıs Ayrım kəndində olub. Kənddə beş nəfərdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əlisilahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

oxu.az

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla