AZ

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

AMB

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, həmçinin bir sıra bankların sədrlərinin iştirak etdiyi Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhərinə ilk işgüzar səfərdədir.

ABA-dan AZƏRTAC-a verilən məlumata görə, ABŞ-Azərbaycan Ticarət Palatası və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan işgüzar səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-ın maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilib.

Görüş çərçivəsində AMB-nin idarə heyəti sədrinin birinci müavini Rəşad Orucovun və ABA-nın prezidenti Zakir Nuriyevin açılış nitqindən sonra Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev tərəfindən “Çirkli pulların yuyulması/terrorizmin maliyyələşdirilməsi ilə mübarizə” sahəsində Azərbaycanda görülmüş işlər barəsində təqdimat keçirilib. Həmçinin görüş iştirakçıları ilə mövzu ətrafında müzakirlər aparılıb, suallar cavablandırılıb, belə görüşlərin davamlı olmasının önəmi və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanıb.

Missiyanın ilk gününün növbəti görüşü Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olub. Görüşdə assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” başlığı altında vorkşop keçirilib. Görüş zamanı ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən bank sektoruna dair təqdimat keçirilib, iclas istirakçıları müxbir münasibətlərin qurulması, ticarətin maliyyələşdirilməsi, ABŞ bank sektorunda yeni inkişaf trendləri və digər mövzularda müzakirələr aparıblar.

Missiya iştirakçılarını həmin gün Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim qəbul edib. Səfir bu kimi missiyaların təşkilinin tərəflər arasında konstruktiv dialoqun və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verdiyini və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində bank-maliyyə sektorunun da rolunun önəmli olduğunu qeyd edib.

Seçilən
107
10
Mənbələr
Şərh ()
Bağla