AZ

Niyə həkim məsləhəti olmadan antibiotik qəbul etmək olmaz? - MÜNASİBƏT BİLDİRİLDİ

"Antibiotiklərin təyinatını orqanizmdə infeksion xəstəliklər zamanı təyin etmək məsləhətdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

O bildirib ki, burada da göstəriş olmalıdır: "Xəstənin temperaturu varsa, özünü pis hiss edirsə, ümumi vəziyyətə uyğun temperatursalıcı ilə birlikdə antibiotik təyinatı vermək olar. İnfeksion xəstəliklərdə 3-5 gün ərzində qızdırma davam edir. Həmin vaxt antibiotik təyin etmək göstərişdir. Xroniki iltihabi hallarda qızdırma vermirsə həkim antibiotik təyinatı verə bilər. Təbii ki, həkim məsləhəti olmadan antibiotik qəbul etmək olmaz. Ona görə ki, antibiotik qəbul olunmasına göstərişin olub-olmadığını pasiyent özü bilə bilməz. Həkim xəstənin ağırlıq dərəcəsinə uyğun olaraq antibiotik təyin edə bilər. Qalan hallarda xəstənin özbaşına antibiotik qəbul etmək ixtiyarı yoxdur. Buna Səhiyyə, həkimlər icazə vermir.

Məsləhətim bu olardı ki, həkim resepti olmadan apteklərdən antibiotik satışının qarşısı alınsın. Çünki pasiyentlər özləri yaxınlaşır, özlərinə hansısa antibiotik seçimi edərək onu alıb istifadə edirlər. Yaxud da aptekdəkilərin satışına uyğun olaraq antibiotik seçimi edirlər. Amma aptekdəkilər və alıcılar həkim deyil. Antibiotikin orqanizmə hansı zərəri vuracağını bilmədən hər kəs özü üçün bunu alır. Dünyanın müəyyən ölkələrində bu cür dərman satışı mövcuddur. Hər ölkənin səhiyyəsinin ümumi apteklərə, tibb sahəsinə, həkimlərə nəzarəti güclü olmalıdır. Güclü olsa da, apteklərdə dərman satışına nəzarət çox vacibdir. Ona görə də reseptsiz satışı təşkil edən əczaçı işçilərinə də yeri gələndə cəzalar tətbiq olunmalıdır. Pasiyentlər də sağlamlıqlarına mənfi təsirlə alacaqlar. Antibiotikləri qəbul edərkən yanlarında şok əleyhinə heç nə olmadığı halda onlar özlərinə ilk tibbi yardım belə göstərə bilməyəcəklər. Ani baş verən allergik reaksiyalardan söhbət gedir. Bunun son təhlükələrini də həkimlər yaxşı bilir. Pasiyentlər ağırlaşmış fəsadlardan xəbərsizdirlər".

"Bağırsaqlardakı mikrofloraya antibiotik birbaşa təsir edir, bizə lazım olan bakteriyaları öldürür. Bəzən illərlə insanın mədə-bağırsaq sistemində gedən pozulmuş floranı aradan qaldırmaq olmur. Bəzən antibiotiklərdən sonra ümumi ağırlaşmalar olur, amma kimsə kökündə nəyin dayandığının fərqinə varmır.

Antibiotikilərin qəbulundan sonra çox orqanizmdə digər xəstəliklərin inkişafı baş verir. Mikroflora pozulubsa, gündə bir neçə dəfə böyük bayra getmə, bağırsaqda sürüşkənlik, selikli qişanın zədələnmələrinə gətirib çıxarır. Bu zədələnmələrdən sonra xoralar, sağalmayan yaralar baş verir. Düzgün qəbul olunmadığı halda yatmış xəstəliyin oyanmasına gətirir, hansı ki, sağalma ehtimalı da az olur. Selikli qişanın bərpası üçün çox uzun illər tələb olunur. Düzgün müalicə metodları, düzgün həkim ünvanına getmək tələb olunur. Bu yolların düzgün seçimini etməyəndə çox ağır və sağalmayan xəstəliklərlə cavan yaşlarda həyati təhlükələrlə rastlaşırlar.

Qripə yoluxarkən antibiotik qəbul etmək düzgündür?

Qrip özü də virusdur. Həmin vaxt virus əleyhinə preparatların qəbulu şərtdir. Virus əleyhinə preparatdan başqa antibakterial terapiya da məsləhət görülür. Çünki artıq simptomlar artdıqca xəstəlik gücləndikcə qızdırmadan sonra digər fəsadlar mütləq göstəriş idi. Boğazda güclü iltihabi proses başlayırdı. İnfeksiyanın aradan qalxmasına da diqqət yönəlməlidir. Yanaşı olaraq digər dərman preparatlarından da istifadə etmək olar. Eyni zamanda mikrofloranı bərpa etmək üçün probiotiklərdən istifadə etmək lazımdır ki, mikroflora pozulmasın.

Təbii antibiotiklər dedikdə tərkibində iltihab əleyhinə olan bitkilər, otlardan istifadə nəzərdə tutulur. Bunlar antibakterial təsir edir. Mikrofloraya da, infeksiyaya da müsbət təsir edir. Məsələn, mədə-bağırsaq sistemində iltihab proseslərini aradan qaldırmaq üçün çobanyastığı, nanə, bağayarpağı dəmləməsi iltihaba təsir edir, həm də spazmı aradan qaldırır.

El arasında deyirlər ki, sarımsaq yaxşı antibiotik kimi bədənə təsir edir. Ancaq selikli qişanı qıcıqlandırmamalıdır. Qəbul etdiyimiz qidaların tərkibində qrip, zökəm vaxtı sarımsaq qatqı kimi istifadə oluna bilər. Mikrobları öldürməyə təsir edir və immun sistemi də qalxır. Yenə də həmin otlardan ibarət çaylar təbii vasitələrdir.

Pasiyentlərimizə birmənalı tapşırığımız odur ki, güclü göstəriş olmadan, həkimə müraciət etmədən antibiotik qəbulunu dayandırsınlar. Çünki antibiotiklərin qəbulu vaxtı nə qədər xeyrini görsələr də, onun ziyanını hələ də tam bilmirlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
87
Mənbələr
Şərh ()
Bağla