AZ

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Çexiya

Praqa, 23 aprel, AZƏRTAC

İyirmi il bundan əvvəl Avropa İttifaqına daxil olmaqla, Çexiya eyni zamanda öz üzərinə tədricən vahid Avropa valyutasına keçmək öhdəliyi götürüb. Bundan ötrü müddət müəyyən edilməyib və 2024-cü ildə çexlər hələ də cüzdanlarında doğma kronlarınıı daşıyırlar. Bu pulları Avropa əsginasları və sikkələrinə dəyişdirmək ideyasına onlar həvəssiz reaksiya verirlər. Öz nitqində “avro üçün zaman yetişdi”yini bəyan edən ölkə Prezidenti Petr Pavelin çıxışı bu müzakirələrə yeni təkan verib.

AZƏRTAC xəbər verir ki, Avropa məsələləri üzrə nazir Martin Dvorjak Çexiyanın avrozonaya daxil olması perspektivlərini şərh edərək, 2024-cü ilin yanvarında aparılan sorğularda respondentlərin 66 faizinin vahid Avropa valyutasının qəbul edilməsinə qarşı rəy bildirmələrini vurğulayıb. Onların fikrincə bu, sərfəli olmazdı. Rəyi soruşulanların 58 faizi isə Çexiyada avronun tətbiqinə yönəldiləcək konkret addımlara qarşı çıxış edirlər.

“Bu polemikanı hələ 20 il bundan əvvəl aparmaq lazım idi, təəssüf ki, o vaxt bu, baş vermədi. Bununla yanaşı, 2008-ci ildə baş verən böyük böhran avroya olan rəğbəti əhəmiyyətli şəkildə azaltdı. Cənab Prezidentin sözlərini şərh etmək istərdim. O, bizim 2004-cü ildə üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi üzrə addım atmağın zamanı çatdığını nəzərdə tutur. Fikrimcə, ayrı-ayrı insanlar və dövlətlər üzərlərinə götürdükləri öhdəliklərə məhz bu tərzdə yanaşmalıdırlar. Mən Prezidentə təşəkkürümü bildirmək istərdim ki, onun sayəsində artıq üç həftədir ki, bu mövzuda ictimai müzakirələr gedir. Həm də o dərəcədə qızğındır ki, hələ Milad öncəsi mən bunu təsəvvür edə bilməzdim, halbuki hökumət daxilində və həmkarlarımla bu məsələni artıq müzakirə etmişdik”, - deyə Martin Dvorjak bildirib.

“Çexiya buna hazır olacağı və bunun ölkəyə fayda gətirəcəyi halda avronu tətbiq etməlidir” kimi fikirlər tez-tez səslənir. Həqiqətən də yaxın illərdə vahid Avropa valyutasına keçid fayda gətirəcək? Çexiya cəmiyyətinin qaldırdığı bu məsələyə cavab verən nazir deyib: “Hər şey ondan asılıdır ki, biz “sərfəli”nin nə olduğunu necə müəyyən edirik. Hesab edirəm ki, sualın belə qoyulması bu addımı atmamaqdan ötrü növbəti bəhanədir. Əgər biz desək ki, sabah avronun tətbiqi üzərində işə başlayırıq, o halda bu, təxminən 6 illik layihə olacaq. Əsas şərtlərdən biri Maastrixt meyarları – inflyasiyanın, xarici borcun ölçüsü və sairədir. Bu, eləcə də ERM II sistemində iştirak, yəni kronun kursunun avroya münasibətinin sabitləşdirilməsidir. Bu sistemdə iki illik mövcudluq və digər tələblərin icrası bizim Avropa valyutasını tətbiq etməyə qadir olacağımızı göstərəcək. Yalnız bundan sonra biz Avropa Komissiyası və Avropa Şurası ilə avroya keçidimizlə bağlı razılaşıb-razılaşmamaq barədə danışıqlara başlaya bilərik. Heç bir hökumət özünün 4 illik seçki müddəti ərzində bütün bu prosesi həyata keçirməyə çalışmayacaq. Hazırda biz yalnız bu istiqamətdə hələ xarakterini dəqiq müəyyən edə bilmədiyimiz ilk kiçik addımı ata biləcəyimizi müzakirə edirik”.

Avropa məsələləri üzrə nazir Martin Dvorjak hesab edir ki, ikinci böyük məsələ Çexiya cəmiyyətinin Avropa valyutasını qəbul etməyə hansı dərəcədə hazır olması ilə bağlıdır. Nazir diqqəti ona çəkir ki, indi Çexiyada bütün söhbətlər, o cümlədən iqtisadçıların mübahisələri tam nəzəri, akademik xarakter daşıyır. Yalnız təcrübədə kursun dəqiq müəyyən olunub-olunmaması, bunun ixracatçı və idxalatçılara nə dərəcədə faydalı olacağı bilinəcək. Bütün riskləri nəzərə almaq lazımdır, lakin təsəvvürə gətirilən problemlərlə öz-özünü qorxutmaq da lazım deyil. Nazir əmindir ki, hər şeyi əvvəlcədən ölçüb-biçmək sadəcə mümkün deyil.

Nazir başqa ölkələrdən nümunə gətirərək deyib: “Çexiya, Macarıstan, Polşanın avronu tətbiq etməməsi bu ölkələrin Brüssel səviyyəsində imkanlarını məhdudlaşdırır. İsveç iqtisadiyyatı bir qədər başqa vəziyyətdədir, o, Avropaya sıx bağlanmaq tələbatını hiss etməyəcək dərəcədə kifayət qədər güclüdür. Lakin orada da avrovalyutanın tətbiqi üzrə polemika ağrılı siyasi məsələ olaraq qalmaqdadır”.

Martin Dvorjak bildirib ki, onda olan məlumata görə Polşanın yeni hökuməti avroya keçid barədə məsələni tezliklə qaldıracaq. Danimarka və Bolqarıstan artıq ERM II sisteminə daxil olub, bunu Rumıniya da planlaşdırır. Nazirin sözlərinə görə, bu prosesdən kənarda qalan ölkələrin sayı çox azdır. O, həmçinin xatırladıb ki, Çexiya hökumətinin proqramında Maastrixt meyarlarının icrası, o cümlədən ERM II sistemində iştirak göstərilib. Hər bir halda yekun qərarı artıq növbəti kabinet verməlidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla