AZ

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.

 

Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Koreya lideri Kim Çen Inın göstərişi ilə nüvə əks-hücum təliminin keçirildiyi bildirilib.

 

Qeyd olunub ki, ABŞ və Cənubi Koreyanın bölgədə təşkil etdiyi birgə hərbi təlimlərə cavab olaraq baş tutan təlimdə nüvə başlıqları daşıya bilən 600 millimetr diametrli super iri reaktiv yaylım atəşi sistemləri sınaqdan keçirilib. Hədəf olaraq təyin olunan ada 352 kilometr uzaqlıqda dəqiq bir şəkildə vurulub. Məlumata görə, təlim ən yüksək səviyyəli nüvə hücumu xəbərdarlığına hazırlıq ssenarisi çərçivəsində həyata keçirilib:

 

“Bu, Şimali Koreyanın nüvə potensialını həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirmək məqsədi daşıyır. Təlim düşmənlərə açıq xəbərdarlıqdır. Düşmən qüvvələrinin Şimali Koreyanı güc yolu ilə məhv etməyə yönəlmiş hərbi fəaliyyəti ölkənin təhlükəsizliyi üçün risk yaradır. Bu faktı nəzərdən qaçırmaq olmaz, Şimali Koreya öz təhlükəsizliyini və regional sülhü təmin etmək üçün vəziyyətə fəal nəzarət etməli, hərbi potensialını hədsiz dərəcədə və sürətlə gücləndirməlidir”, - bəyanatda vurğulanıb.

 

Kim Çen In isə təlimin müvəffəqiyyətindən məmnunluğunu ifadə edərək, dövlətin nüvə gücünün davamlı şəkildə artırılmasının vacib olduğunu deyib. Ölkə başçısı həmçinin, rəsmilərə Şimali Koreyanın strateji nüvə potensialını daha da gücləndirməyi tapşırıb.

 

Xatırladaq ki, Yaponiya Sahil Mühafizə Qüvvələri tərəfindən dünən verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 15.03-də Yapon dənizinə doğru ballistik raket atdığı bildirilib.

 

Qeyd edilib ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Cənubi Koreya Baş Qərargahı Pxenyanın birdən çox qısa mənzilli ballistik raket buraxdığını açıqlayıb.

 

Günay

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla