AZ

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli Müdafiə Komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Əlcəzair ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, eyni zamanda, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolundan bəhs edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Deyib ki, Azərbaycanla Əlcəzair üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində daim əməkdaşlıq edir, bir-birini dəstəkləyir.

M.Abbaszadə Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini, hazırda bu ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini bildirib.

Görüşdə çıxış edən Qarbi Abdelbasset iki ölkə arasındakı əlaqələrin tarixindən bəhs edib. Bildirib ki, Əlcəzair 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Ölkələrimiz arasındakı münasibətlərinin hazırkı səviyyəsindən məmnunluqla danışan Qarbi Abdelbasset Azərbaycanın bütün suveren ərazisində keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdırıb.

Azərbaycanla Əlcəzairin qardaş dövlətlər olduğunu söyləyən qonaq bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Musa Qasımlı, Jalə Əliyevə, Ceyhun Məmmədov, Anar İsgəndərov Azərbaycan və Əlcəzair arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər. İki ölkə arasında əməkdaşlığın bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə əminlik ifadə olunub .

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla