AZ

Böyük klub... Böyük tələblər... Vaxt lazımdı... - REPLİKA

"Neftçi" ənənəvi mətbuat konfranslarından növbətisini keçirdi. Bu dəfə jurnalistlər önünə “Neftçi”nin idman direktoru Yens Andersson çıxdı.

Klubun mətbuat xidməti tədbiri anons edəndə bəyəndim. Axı futbol camiəsi media önünə çıxarılan legionerlərin dediklərindən, deyəcəklərindən çoxdan usanıb. Onların Azərbaycan mətbəxindən, burdakı sürücülük mədəniyyətindən və az da olsa, premyer-liqamızdan bəhs etməsi çoxuna maraqlı deyil.
Təəssüf ki, son mətbuat konfransında iştirak etmək mənə qismət olmadı. Sonradan tədbirlə bağlı əldə etdiyim ilk məlumat uzun müddəti əhatə etməsi və bir çox məsələlərə toxunulması idi. Məni maraqlandıran suallara cavab tapmaq üçün tam mətnlə tanış oldum. Məlum oldu ki, həmkarlarım tikanlı suallarla isveçli funksioneri yetərincə sıxışdırıb. Bəli, bu, gözlənilən idi. Xatırladım ki, Andersson vaxtilə ortaya iş qoyandan sonra nəticələri ictimaiyyətlə bölüşəcəyini demişdi. Lakin o, sözlərinə əsas komandanın ümumi nəticələrindən, futbolçuların fərdi göstəriciləri və bunun yaxşılaşdırılması üçün atılan addımlardan, azarkeşlərin tribunalardan niyə üz döndərməsindən danışmaqla yox, bazada görülən inşaat işlərindən bəhs etməklə başlayıb. Azarkeşləri maraqlandıran sualların cavabında isə söz yığınıyla qarşılaşırıq. Daha dəqiqi, indiyə qədər ölkəmizə gələn xeyli əcnəbinin istifadə etdiyi ifadələr... Böyük klub... Böyük tələblər... Vaxt lazımdı...

İndi isə söz yığınından nəzərə çarpan vacib məqamlara toxunaq. Şəxsən mənim Anderssonun dediklərindən anladığım odu ki, çempionluq üçün mübarizə aparacaq komandanın formalaşdırılması üçün üç "transfer pəncərəsi", bazanın inşası, uşaq futboluna fayda və gənc oyunçuların üzə çıxardılması üçün isə azı iki mövsümlük dözüm lazımdı. Niyə? Cənab Yens bunu özünün yox, rəhbərliyin səhvləriylə əlaqələndirir. Açıq deməsə də, kluba gəlişinə qədər irimiqyaslı planlarının həyata keçməsi üçün lazım olan zəminin yaradılmamasından gileylənir. Belədisə, günahkarları siz çox yaxşı tanıyırsız. Hər halda, dönəmində transfer edilmiş Brayan Moreno və Alfa Konteyə "toz qondurmayan" isveçli başqalarına ünvanlanan tənqidlərlə barışdı. Həmçinin rəhbərliyə mesaj ötürməkdən də çəkinmədi. O mənada ki, Andersson nüfuzunu idarəçilərin bacarıqsızlığı üzündən xərcləmək niyyətində deyil. Bununla belə, hər şeyi sıfırdan qurmağa başladığını demək istəyir. Funksionerin səmimiyyətinə inanıb-inanmamaq ayrı mövzudu, lakin ötürmək istədiyi mesajlarda gerçəklik payı varsa, deməli, "Neftçi"nin durumu heç ürəkaçan deyil...

Bəzi məşqçilər gənc futbolçunun uğursuzluğunu belə izah edir: "Vallah, heç topla davranmağı bilmir. Nəinki qol vursun...İşin əlifbasını öyrədirəm..." - Andersson dünən ictimaiyyətə məhz belə dedi!
Daha dəqiqi, heç nə demədi, amma hər şeyi dedi...

KƏNAN BAHADIR

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla