AZ

Orqanizmin normal fəaliyyəti turşu-qələvi balansından asılıdır 

ATU-nun I Daxili xəstəliklər kafedrası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Tədris Terapevtik Klinikada "Turşu-qələvi müvazinətin pozulmaları" mövzusunda rezidentlər, tələbə və gənc həkimlər üçün seminar keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirə moderatorluq edən şöbə müdirinin müavini, assistent Namiq Xəlilov mövzunun aktuallığını qeyd edib və sözü ATU-nun I Daxili xəstəliklər kafedrasının assistenti, t.ü.f.d Şəlalə İsmayılovaya verib. 

 

Məruzəçi turşu-qələvi tarazlığının pozulmalarına klinik yanaşma barədə danışıb: “Turşu-qələvi müvazinəti dedikdə, orqanizmin maye mühitinin nisbi sabitliyini təmin edən fiziki-kimyəvi (bufer sistemləri) və fizioloji (tənəffüs, böyrək, həzm) mexanizmlərin məcmusu nəzərdə tutulur. Orqanizmin normal fəaliyyəti turşu-qələvi balansının tənzimlənməsindən asılıdır. Hüceyrədənkənar mayenin pH normal fizioloji diapazonda 7,35 ilə 7,45 arasında müəyyən olunur. Metabolik proseslər zamanı uçucu və uçucu olmayan metabolik turşular əmələ gəlir ki, bu da bufer sistemləri vasitəsilə orqanizmdən xaric edilir. Metabolik asidoz olarsa, anion gap aşkarlanmalıdır. Anion gap rutin qan analizi metodları ilə müəyyənləşdirilə bilən kationlar ilə anionlar arasındakı fərqi ifadə etmək üçün istifadə edilməlidir”.

 

Ş.İsmayılova bildirib ki, metabolik asidozun vəziyyətini və onun necə diaqnoz və müalicə oluna biləcəyini nəzərdən keçirmək lazımdır. O, respirator asidoz, o cümlədən metabolik və respirator alkalozu kimi turşu-qələvi tarazlığı pozğunluqları haqqında məlumat verib və əlavə edib ki, bütün patoloji vəziyyətlər həm nəzəri tərəfdən, həm də klinik hallar nümunəsindən istifadə edilməklə nəzərdən keçirilib.

 

Məruzə ətrafında fikir bildirən I Daxili xəstəliklər kafedrasının dosenti Aytən Məmmədzadə vurğulayıb ki, turşu-qələvi müvazinətinin öyrənilməsi xəstəyə diaqnozun qoyulmasında, xəstəliklərin etiologiyasının və ağırlıq dərəcəsinin müəyyən edilməsində və xəstənin müalicəsində mühüm rol oynayır. Qanın qaz tərkibinin öyrənilməsinin məqsədlərindən biri də tənəffüs sisteminin funksiyasının qiymətləndirilməsidir. Tənəffüs sisteminin funksiyası dedikdə, ventilyasiya və qanın oksigenləşməsi nəzərdə tutulur.

 

Məruzədən sonra diskussiya şəraitində dinləyicilərin sualları cavablandırılıb.

 

Seminarda klinikanın direktor müavini Fəridə Hacıyeva, həmçinin I Daxili xəstəliklər kafedrasının əməkdaşları, rezidentlər və tələbələr iştirak ediblər.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla