AZ

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Tbilisi, 23 aprel, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzi (HYM) Marneuli rayonunda yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstərəcək.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov və “Qanun” Hüquqi Yardım Mərkəzinin baş direktoru, vəkil Əli Bədirov imzalayıblar.

Sənədə əsasən, “Qanun” Hüquqi Yardım Mərkəzinin hüquqşünasları bir il ərzində “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardım göstərəcəklər.

Vətəndaşlar hüquqi problemlərin təsnifatı barədə məlumatlandırılacaq, onlara dövlət orqanlarına ərizə və şikayətlərin yazılması qaydaları öyrədiləcək, bütün istiqamətlər üzrə məsləhətlər veriləcək.

Bəzi hallarda məhkəmə iddialarının qaldırılması və iddialara cavabların yazılması istiqamətində də xidmətlər göstəriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla