AZ

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Çingiz

Bakı, 23 aprel, AZƏRTAC

“Fikrimcə, Olimpiadada Azərbaycanın əsas idman növləri - boks, güləş və cüdodan daha çox medal əldə olunacaq. Bu idman növlərindən nəticələrimizin digərlərinə nisbətən yüksək olacağını düşünürəm. Çünki gözləntilərimiz çoxdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının şanslarını dəyərləndirərkən deyib.

O, lisenziya sayının artacağına inandığını bildirib: “Hazırda 17 lisenziyamız var. Bu, olduqca yaxşı nəticədir. Bu sayın nə qədər artacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir. Lisenziya əldə edən istənilən idmançı Olimpiadada uğurlu nəticə göstərə bilər. Çünki onlar “Paris-2024”ə vəsiqə qazanmaqla artıq güclü idmançı olduqlarını sübut ediblər. İlk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik”.

Ç.Hüseynzadə Fransa paytaxtında medal qazanmağa iddialı olan idmançıların adlarını da açıqlayıb: “Hər idman növü üzrə yığmalarımızda liderlər var. Cüdoda Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) reytinqdə yuxarı pillələrdə qərarlaşıblar. Olimpiadaya lisenziyanı rəsmiləşdirdikləri halda orada çox yaxşı çıxış edəcəklərinə və mükafatçılar sırasında olacaqlarına inanıram. Güləşdə isə Bakıdakı turnirdə lisenziyanı təmin edən yığmanın kapitanı Hacı Əliyevin (65 kiloqram) fəxri kürsüdə yer almaq şansı daha çoxdur”.

MOK rəsmisi təsnifat turnirində qalib gələrək “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin də uğurunu yüksək qiymətləndirib: “Tarix boyu qadınlarımız komanda idman növlərində yaxşı nəticələr əldə ediblər. Sadəcə, basketbol deyil, qadınlardan ibarət həndbol və voleybol yığmalarımızın da nailiyyətlərini xüsusi qeyd etmək lazımdır”.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

 

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla