AZ

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Dina Titus adlı konqresmenin rəhbərliyi ilə Azərbaycanın bəzi zabit, hakim və məmurlarına qarşı sanksiya təklifini nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə məlumat hələ bu layihənin Konqresdə təsdiqlənəcəyi anlamına gəlmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Aynur Camal Dina Titusun başçılığı ilə Azərbaycandan olan 41 nəfərə sanksiya təklifi layihəsinin hazırlanmasını şərh edərkən deyib.

O bildirib ki, “layihə”nin elektron variantı ilə tanışlıq bir çox həqiqətlərə işıq salır:

“Qanun layihəsi təklifini irəli sürənlərin “səbəb” kimi göstərdiklərinə baxaq: 1. “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq”; 2. "Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyinin ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyması”; 3. Bakıda altı jurnalistin saxlanması; 4. Erməni əsirlərin hüquqlarının pozulması.

Bu bəndlərin hər birinə toxunacağıq – ancaq sonuncu, əslində isə “əsas” səbəblərindən başlayaq: Erməni əsirlərin hüquqları necə pozulur? Onlar vaxtaşırı ailəsi ilə danışır, Qırmızı Xaç az qala həftədə iki dəfə onlara baş çəkir, vəkillə təmin ediliblər və indiyədək saxlanma şəraitləri haqda bir dəfə də olsun şikayət etməyiblər. Hazırda qanunvericiliyə uyğun olaraq istintaqları aparılır. Kimin hüququ pozulub?”

Politoloq bildirib ki, son vaxtlar ən çox müzakirə olunan Ruben Vardanyandır:

“Sual vermək istərdim: niyə hazırda erməni mediası da, xaricdəki erməni diasporu da yalnız Vardanyandan bəhs edir, digərlərinin adı demək olar ki, çəkilmir? Niyə cidd-cəhdlə Vardanyanın azad edilməsinə çalışırlar?

Bu, o Ruben deyilmi ki, onun çirkli pul yuyucusu olduğu, Rusiya korrupsioner şəbəkəsinə xidmət etdiyi, çirkli əməliyyatlar apardığı haqda hələ 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) geniş araşdırma yazısı vermişdi? Bu, o Vardanyan deyilmi ki, onun barəsində Qərb araşdırma mərkəzləri saysız-hesabsız neqativ faktlar ortaya qoyublar? Onun hansı yolla milyarder olduğu, Putinin yaxın ətrafına necə xidmət etdiyi, onların çirkli işlərini gördüyünü Qərb araşdırmaları az qala 10 il əvvəl ortaya çıxarmayıb? Onun Rusiya vətəndaşı olduğu, Rusiyanın layihəsi əsasında Xankəndiyə gəlməsi və burada separatizmi körükləməsi hər kəsə aydın deyilmi? Vardanyanın Qərbin indi sanksiya tətbiq etdiyi rusiyalı məmurlarla müştərək biznesi, onların himayəsində olmasını elə Avropa mənbələri, mediası yazmırdımı? İndi nə baş verir, bu separatçını Azərbaycan həbs edən kimi Nobelə namizədliyi gündəmə gətirildi, hər yerdə “mesenatlığı” qabardıldı?

Məsələ budur ki, Vardanyana aid “Ameriabank” 303,6 milyon dollara bir müddət öncə satılıb. Və məhz bu alqı-satqının reallaşmasından sonra Ruben Vardanyanın hamiləri hər yerdə peydə olmağa başlayıb – Avropada, ABŞ-da və s. Siz bunu təsadüf sayırsınız?”

Aynur Camalın sözlərinə görə, digər “səbəblər” – insan haqları məsələsi olduqca mütəhərrikdir və onun üzərindən Qərbin hər zaman alver etdiyini, bunu təzyiq vasitəsinə çevirdiyini artıq hər kəs bilir:

“Yaxşı, tutaq ki, insan haqları məsələsindən guya narahatdırlar. Bəs, sanksiya siyahısına Hikmət Mirzeyevin adı niyə salınır? Siyahıya bu xalqın sevdiyi, İkinci Qarabağ savaşında qəhrəmanlıq göstərən əsgərlərin adı niyə düşür? Əli Nağıyev kimi xalqın hörmət bəslədiyi generalın adı o siyahıya niyə salınmalıdır?

İnsan haqlarını pozan hakimlərin adlarını sanksiya siyahısına təklif edirlər. Bilirsiniz hansı hakimlərin adı hallanır? Erməni terrorçulara, Azərbaycan sərhədini pozan və torpağımıza mina basdırarkan yaxalananlara, Azərbaycan ərazisində separatçı-terrorçu fəaliyyət göstərənlərə, dinc sakinləri öldürənlərə hökm oxuyan hakimlərdir hamısı. Yəni sanksiya təklif edilənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər, erməni terrorçulara hökm oxuyan hakimlər və sairdir. Bu siyahı əslində onu hazırlayanların əsl niyyətini, məqsədini ifşa etmirmi?

Bu qədər rüsvayçı, həm də açıq biabırçı siyahını təsəvvür etmək mümkün deyil. Biz görmürükmü ki, bu, əslində insan haqları bəhanəsi ilə Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyi üçün cəzalandırmaq istəyən bir qrup erməni lobbisinin əlində əsir olanların ortaya atdığı layihədir? Ukraynanın ərazi bütövlüyü üçün milyardlar xərclədiklərini iddia edən konqresmenlər Azərbaycanın ABŞ-ın da tanıdığı ərazisini bərpa etdiyi üçün sanksiya hazırlayır? Terrorçuya, mülki şəxsi qətlə yetirənlərə hökm çıxardan hakimin adını sanksiya siyahısına təklif etmək nə deməkdir?”

Aynur Camal Bob Menendez olayını xatırladaraq bildirib ki, illərlə Azərbaycana qarşı iftira və böhtanlara müəlliflik edən bu senatorun əslində rüşvətxor, korrupsioner olduğu artıq sübut edilib:

“Menendezin külli miqdarda pul alaraq, başqa ölkə və qrupların maraqlarını Senatda müdafiə etdiyi artıq ifşa olunub. Bu siyahını hazırlayanlar və Konqresə təqdim etməyə çalışanların da erməni lobbisinin pulunun girovuna çevrildikləri şübhəsizdir. Bunu sübut etmək çətin də deyil – siyahıda olan adlara baxmaq kifayətdir”.

Aynur Camal Azərbaycan diaspor və diplomatlarının bu məsələdə aktiv rol oynaması gərəkdiyini də bildirib:

“Bu cür öz-özünü ifşa edən “layihənin” Konqresdə dəstəklənəcəyini sanmıram və hesab edirəm ki, bu, 24 aprel soyqırımı öncəsi ermənilərə xidmət etmək istəyən muzdlu siyasətçilərin işidir. Amma bu o demək deyil ki, biz prosesi seyr etməli, sakit dayanmalıyıq. Hesab edirəm ki, diasporumuz, diplomatlarımız bu faktların konqresmenlərə, senatorlara çatdırılmasında aktiv çalışmalı, Menendez kimi, bu şəxslərin də korrupsuya və rüşvətdə şübhəli olduqları üçün onlar haqda araşdırılma aparılmasını istəməlidir”.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla