AZ

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Bakı, 23 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəsinin rəhbəri Fatih Bilal Alodalının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslandığını qeyd edib. O, iki ölkənin dövlət başçılarının səyləri ilə ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb və qardaş Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin genişlənməkdə olduğu bildirib.

Son illər Azərbaycanda aparılan sosial islahatlar, əməyin mühafizəsi sahəsində görülən işlər qeyd edilib. Beynəlxalq Əmək Təşkilatının 60-a yaxın Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edildiyi, “Əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsinin əsasları haqqında” Konvensiyasının ratifikasiyasının da nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində metodiki dəstəyin göstərilməsinə xidmət etdiyi qeyd olunub. Həmin sahələrdə qardaş Türkiyənin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi və fəal təcrübə mübadilələrinin aparılmaqda olduğu bildirilib. Türkiyə nümayəndə heyətinin hazırki səfərinin bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

F.B.Alodalı ölkələrimiz arasında əmək və sosial müdafiə sahəsində əlaqələrinin daim genişlənməkdə olduğundan və qarşılıqlı faydalı təcrübə mübadilələrindən məmnunluğunu ifadə edib.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və təcrübə mübadilələri sahəsində görüləcək birgə işlərdən danışılıb.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla