AZ

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Ombudsman:

Bakı, 23 aprel, AZƏRTAC

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı və bəşəri cinayətlər törədilib. Onlar sistemli və ardıcıl şəkildə xalqımızın qeyri-maddi mədəni irsini, folklorunu, musiqisini, rəqslərini, milli kulinariya nümunələrini mənimsəməyə çalışmaqla işğalçı mahiyyətlərini bir daha göstərirlər. Xüsusən 30 illik işğal dövründə azərbaycanlıların bu ərazidə varlığını inkar etmək məqsədilə abidələr, məscidlər, ziyarətgahlar dağıdılıb, şair və yazıçılarımızın, ziyalılarımızın evləri dağıdılıb, mədəni irsimizə aid əsərlər məhv edilib. Çoxqiymətli əşyalar və nadir eksponatlar oğurlanaraq Ermənistan ərazisinə daşınıb. Bütün bunlar beynəlxalq humanitar hüquq normalarına ziddir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.

Ombudsman bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, eləcə də Ermənistanın raket hücumlarına məruz qoyduğu yaşayış məntəqələrində faktaraşdırıcı missiya həyata keçirilib. Azad edilmiş ərazilərdə tarixi, dini, mədəni obyektlər, məzarlıqlar, kütləvi dəfn yerləri tapılıb: “Beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan, təkzibolunmaz bir faktdır ki, biz bu günə qədər taleyi məlum olmayan, əksəriyyəti qadın və uşaq olmaqla 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət etməyimizə baxmayaraq bu gün də məlumat ala bilməmişik”.

Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən Səbinə Əliyeva bununla bağlı hesabatlar hazırlandığını və nüfuzlu beynəlxalq təşkilatlara təqdim edildiyini bildirib.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla