AZ

Deputatdan İLGİNC ÇIXIŞ: “Ultimatumla məndən tələb edirlər ki, məsələni həll edim”

Deputat Razi Nurullayev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib ki, qanuna edilən dəyişiklikdən müsbət mənada çox təəccüblənib.

Musavat.com-un xəbərinə görə, o bildirib: 

“Ümid edirəm ki, bu dəyişiklik kağız üzərində qalmayacaq. Narahatlığım ona görədir ki, tütünlə bağlı Milli Məclisin qəbul etdiyi qərarların tam icrası təmin edilmir. Məsələn, tütünün bağlı və açıq yerlərdə istifadəsi ilə bağlı qaydalar var, lazımi dəyişikliklər edilib, amma yenə də bağlı məkanlarda tüstüdən boğuluruq. Papiros çəkənlərin hüququna hörmətlə yanaşıram və papiros çəkib-çəkməmək fərdin hüquq azadlığıdır. Amma təyin edilməyən yerlərdə çəkmək, məsələn, şadlıq evlərində yemək masaları arxasında papiros çəkmək nə deməkdir? Yəqin ki, tütün və alkoqollu içkilər rəqabətin çox güclü olduğu sahədir deyə, çox zaman qanun da o sahədə lazım olduğu qədər nizam-intizam və bərabərlik yarada bilmir. Sevinirəm ki, bu dəyişiklik əgər həyata keçirilməsinə nəzarət olunarsa, kənd təsərrüfatınıda məşğulluğun artmasında rol oynayacaq. Çox istərdim ki, bu sahədə daha ciddi nəzarət mexanizmi olsun”.

Razi Nurullayev tütünlə bağlı daha bir məsələdən danışıb:

“Tütün fabrikləri, müəssisələri özəlləşdirilən zaman orada işləyən kollektiv də müəyyən paylara malik olublar. Yalnız bu deyil, müxtəlif sahələrə malik müəssisələr də özəlləşdirilən zaman kollektivlər səhmdarlara çevriliblər. Amma onların demək olar ki, böyük hissəsi dividend ala bilməyiblər. Səhmdar vətəndaşlara qarşı ədalətsizlik həyata keçirilib və keçirilməkdədir. Onlar müxtəlif yollarla vətəndaşları qanuni haqlarından məhrum etməyə çalışıblar. Onların bu günə qədər müraciət etdikləri ən yüksək dövlət qurumları belə onilliklər ərzində onlara kömək etməyib və onlar da şikayətlərini davam etdiib və bu gün də edirlər.

“Baku European Tobacco” şirkətinin səhmdarları mənim də qəbulumda olublar. Ultimatumla məndən tələb edirlər ki, məsələni həll edim. Dedim ki, heç olmazsa yenidən rəsmi müraciət edin, aidiyyəti üzrə göndərim. Əvvəllər müraciət etmişdilər. Deyirlər ki, nə qədər məktub yazmaq olar? Nə qədər aidiyyəti üzrə göndərmək olar? Başa düşürəm onları. Onlara dedim ki, 20 ildir ki, döymədiyiniz qapı qalmayıb, indi Milli Məclisin sıravi deputatından onlarla qəbulunda olduğunuz ən yüksək çinli -səlahiyyətli məmurların həll edə bilmədiyini məndən tələb edirsiniz? Bunu ona görə deyirəm ki, bu sahədə ciddi hüquq pozuntuları və vətəndaşlara məxsus səhmlərin mənimsənilməsi, müxtəlif vasitələrlə onların süründürülməsi baş verir. Bu məsələyə nöqtə qoyulmalıdır. Hüquq pozuntuları ilə insanları affekt vəziyyətinə salmaq olmaz. Onlar mənim köməkçimə zəng edib onu ağır sözlərlə təhqir də ediblər. Hətta xanım sədr, sizə köməkçimdən şikayət də ünvanlayıblar. Mənim tütünə və tütün biznesinə nə aidiyyətim var? Arada mən hücum və təzyiqlərə məruz qalıram. Amma mən yenə də deyirəm ki, o vətəndaşları günahlandırmıram. Onlar 20 il ərzində çarəsiz vəziyyətə düşməklə bərabər, həm də psixoloji travma alıblar”.

E.Paşasoy,
Musavat.com

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla