AZ

Karlo Ançelotti Vinisius Juniorun etirazına münasibətini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona” ilə oyunda Vinisius Juniorun əvəzləndikdən sonra qəzəbli qarşılığına münasibət bildirib.

Arena.az xatırladır ki, Madrid təmsilçisinin 3:2 hesablı qələbəyə sevindiyi bu oyunun 82-ci dəqiqəsində Xoselu ilə əvəzlənən Vinisius Junior buna etirazını sərt şəkildə nümayiş etdirmişdi. “Real”ın baş məşqçisi “qaymaqlılar”ın braziliyalı sol vingerinin qəzəbli qarşılığının təfərrüatını açıqlayıb:

“O, əvəzetməni bəyənmədi, oynamağa davam etmək istədiyini söylədi. Amma futbolçuların, xüsusən də hücumçuların sərf etdiyi zəhmət çox böyük idi. Liderlərin son oyunu necə keçirdiklərini də nəzərə almışdım”, deyə Karlo Ançelotti izah edib.

Qeyd edək ki, “Real” məhz Vinisius meydanı tərk etdikdən sonra daha bir qol vurmaqla “el klasiko”da əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, Vinisius Junior Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 19 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 257 oyun, 78 qol, 75 məhsuldar ötürmə.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 28 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla