AZ

Pensiyaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edir – Türkiyə təcrübəsi Azərbaycanda da tətbiq olunmalıdır

“Bir millət, iki dövlət” olduğumuz Türkiyənin sosial xidmətlər sahəsinə nəzər saldıqda istər-istəməz Azərbaycanın, eləcə də türk dünyasının dahi şairi və qüdrətli söz ustadı Nizami Gəncəvinin “Xidmət etmək sayılır kişilikdən nişana, Xalqına xidmət etmək bir şərəfdir insana” misrasını xatırlayırsan.

Əslində bizim Türkiyənin sosial xidmətlər sahəsindən öyrənə biləcəyimiz və ölkəmizdə tətbiq etməli olduğumuz çox məsələlər var.

KONKRET.az türk mediasına istinadən bildirir ki, bu sosial xidmətlərdən biri 65 və daha yuxarı yaşı olan pensiyaçıların (Türkiyədə onlara əməklilər deyilir) şəhər nəqliyyatında pulsuz istifadə imkanı ilə bağlıdır. Türkiyədəki 10,5 milyona yaxın pensiyaçı şəhər ictimai nəqliyyatı, şəhər dəmir yolu və dəniz xətlərinin pulsuz xidmətlərindən istifadə edir. Bu məqsədlə Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin qərarına əsasən, əyalət idarələri və səlahiyyətli bələdiyyələr pensiyaçılara pulsuz nəqliyyat kartlarını (ucretsiz kart) təqdim edirlər.

Əməklilər ictimai nəqliyyatdan yalnız “minibüs” adlandırılan mikroavtobuslara pul ödəməli olurlar.

Qeyd edək ki, artıq Türkiyədəki pensiyaçılar pulsuz gəzintinin əhatə dairəsinin genişləndirilməsini tələb edirlər. Onların fikrincə, yaşından asılı olmayaraq bütün pensiyaçılar bu hüquqdan istifadə etməlidirlər.

Nizami Gəncəvi demişkən, “çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zərxara”.

Bəlkə xalqımızın işinə yaramağı doğma Türkiyədən biz də öyrənək?!

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla