AZ

Araz Əliyev fəaliyyəti ilə bağlı ailə üzvlərinin təzyiqə məruz qaldığını deyir


“III Respublika Platforması”nın qurucu heyət üzvü və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev Balakən rayonunun Hənifə kəndində yaşayan ailə üzvlərinin təhdid olunduğunu, təzyiqlərə məruz qaldığını iddi edir.
Yeniavaz.com
-a danışan A. Əliyev bildirir ki, polis əməkdaşları atası Yunus Əliyevi yaşadığı evdən aparıb və və narkotiklə şərləyəcəklərini deyərək təhdid ediblər.
“Atam bir neçə gün əvvəl rayon polis əməkdaşları tərəfindən evin önündən aparılıb. Ona narkoloji test vərəcəyi bildirilib. Lakin şöbəyə çatmamış geri qaytarıblar və deyiblər ki, səhvlik olub. Hamı başa düşür ki, bu cür işlərdə səhvlik olmur. Haqlı olaraq, bunun mesaj xarakterli bir addım olduğunu düşündük. Məsələni ictimailəşdirdikdən sonra, 21 apreldə DİN-in Mətbuat xidmətindən valideynimlə bağlı hər hansı araşdırmanın aparılmadığı və şöbəyə gətirilmədiyi bildirildi”.
Araz Əliyev deyir ki, bələdiyyə və icra nümayəndələri onlara məxsus torpaq sahələrinin yenidən ölçülməsini təşkil edir, əlaqəsiz adamları qeydiyyata salıb adlarına torpaq sahəsi çıxarırlar:
“Problem guya “qohumlar arasında torpaq münaqişəsi” kimi izah edilir. Lakin İcra nümayəndəsi Telman Bayramovun və bələdiyyə nümayəndəsi Rövşən Əliyevin bu məsələyə birbaşa daxil olması, reystr xidmətinin əməkdaşına təzyiq edilməsi problemin daha böyük olduğunu, problemdən istifadə etməyə çalışdıqlarını göstərir. Hətta adlarını çəkdiyim şəxslər valideynimi açıq şəkildə mənimlə bağlı təhdid ediblər, məni yenidən həbs etdirə biləcəklərini deyiblər”.
O bildirir ki, sözügedən torpaq sahəsi 1983-cü ildən etibarən ailəsi tərəfindən istifadə olunur:
“1996-cı ildə qəbul olunan “Torpaq islahat haqqında” qanunun tələblərinə əsasən ailəmin qanuni mülkiyyətinə verilib. Bu günədək də ailəm tərəfindən istifadə edilir. Reystr xidmətinin elektron xəritəsində ailəmin mülkiyyətində göstərilir”.
Araz Əliyev baş verənlərin onun ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu düşünür.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, Araz Əliyevin valideyninin polisə dəvət olunması və ona qarşı ittiham irəli sürülməsi ilə bağlı iddialar əsassızdır:
“Həqiqəti əks etdirmir. Həmin şəxs barəsində hər hansısa bir araşdırma materialı aparılmayıb və o, ümumiyyətlə polis şöbəsinə gətirilməyib. Qohumlar arasında torpaq mübahisəsi var. Həmin məsələ barədə də ərazi polis orqanına müraciət daxil olmayıb. Müraciət olacağı təqdirdə araşdırma aparılaraq qanunamüvafiq tədbir görüləcək”.
Hənifə Bələdiyyəsinin sədri Nadir Hacıyev də Yeniavaz.com-a məsələnin qohumlar arasında torpaq mübahisəsi ilə bağlı olduğunu bildirib:
“Yunus Əliyev və digər iki qohumunun yanaşı pay torpağı sahəsi var. İslahat dövründə dövlət tərəfindən verilən kənd təsərrüfatı təyinatlı torpaqdır. Qaynı iddia edir ki, Yunus Əliyev ona məxsus torpağı zəbt edib. Zəbt olunduğu deyilən ərazidə bələdiyyəyə məxsus torpaq da var. Biz də əraziyə baxış keçirmişik. Bununla bağlı tədbir görüləcək və ya həmin torpaq sahəsi qanuni şəkildə onun istifadəsinə veriləcək. Çalışacağıq qanuni formaya salaq ki, istifadə edə bilsin. İki mülkiyyətçi arasındakı məsələ isə məhkəmə yolu ilə həll olunmalıdır”.
Qeyd edək ki, Araz Əliyev ötən il dekabrın 23-də saxlanılıb. Bir gün sonra – dekabrın 24-də onun həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Əlində “Araz Əliyev hardadır?” yazılmış plakat tutan İsmayılova həyat yoldaşının yerini öyrənməyə çalışıb. Az sonra isə Araz Əliyevə 25 sutka inzibati həbs cəzası kəsilməsi barədə xəbər çıxıb.
O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. İddia olunub ki, Araz Əliyev dekabrın 23-də axşam 21:30 radələrində küçədə gedəndə qışqıraraq söyüş söyüb. Polislər ondan intizamlı olmağı tələb etsələr də, tabe olmayıb. Bu üzdən saxlanılaraq, Nizami rayonu 24-cü polis bölməsinə aparılıb.
Ötən il dekabrın 7-də Araz Əliyevin də daxil olduğu bir qrup ictimai-siyasi fəalın yaratdığı III Respublika Platforması isə bəyanat yayaraq, onun siyasi motivlərlə həbs olduğunu bəyan edib.
Araz Əliyev yanvarın 17-də həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb. O, bu il martın 6-da “Toplum TV işi” ilə bağlı da saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Murad Məmmədov
Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla