AZ

Arteta Poçettinonun “Çelsi”dəki işindən danışdı - ARENA.AZ

“Arsenal”ın baş məşqçisi Mikel Arteta argentinalı mütəxəssis Maurisio Poçettinonun “Çelsi”nin sükanı arxasındakı işindən danışıb.

Arena.az xəbər verir ki, “Arsenal” bu gün İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış “Çelsi” ilə oyuna çıxacaq.

Bu oyun ərəfəsində “topçular”ın baş məşqçisi “zadəganlar”ın sükanı arxasındakı həmkarının işinə qiymət verib. İspan mütəxəssisin argentinalı məşqçi barədə fikirlərini təqdim edirik:

“Çelsi”nin oyunlarda etdiklərinə nəzər salsanız, liqada daha yüksək yerdə olmalıdır. Onlar bir kubokun (Liqa Kuboku) finalına və digərinin (İngiltərə Kuboku) yarımfinalına yüksəldilər və bunda da finala yüksələ bilərdilər. Poçettinonun etdikləri həqiqətən təsiredicidir və əminəm ki, o, onları məqsədlərinə aparacaq. London derbisi bizim üçün vacib oyundur və ona ən yaxşı surətdə hazırlaşmalıyıq”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, Maurisio Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırır. Argentinalı mütəxəssisin rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 44 oyun keçiriblər, 22 qələbə, 9 heç-heçə və 13 məğlubiyyət yaşayıblar.

Poçettino daha öncə PSJ, “Tottenhem”, “Sauthempton”, “Espanyol” kimi klublarda da baş məşqçi kimi çalışıb.

İngiltərə Premyer Liqasında keçirdiyi 31 oyundan sonra “Çelsi” 47 xalla 9-cu pillədə qərarlaşıb. Belə görünür ki, “zadəganlar” milli çempionat vasitəsilə gələn mövsüm avrokuboklarda iştirak imkanı əldə edə bilməyəcəklər.

Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda da iştirak etmir.

“Arsenal” isə hazırda “Liverpul”la eyni xala (74) malik olsa da, Premyer Liqanın turnir cədvəlində zirvədə qərarlaşıb.

“Arsenal” – “Çelsi” matçına bu gün Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla