AZ

Gözəl bir şəraitdə həsrətində olduğumuz kəndlərimizdə həyat davam edəcək – QIZILHACILI SAKİNİ

Ermənistanın işğalında olan Qazaxın 4 kəndi - Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin bir atəş açılmadan geri qaytarılması barədə razılıq əldə olunub. Son zamanlar bu kəndlərin geri alınması üçün hərbi əməliyyatlar barədə ehtimallar da səslənirdi. Lakin ölkə rəhbərinin qətiyyətli mövqeyi bu prosesi qan tökülmədən həll etdi.

Bu gün işğal nəticəsində öz doğma yurdundan didərgin düşmüş həmin kəndlərin sakinləri sevinc içindədir. Qızılhacılı kənd sakini, ehtiyatda olan kəşfiyyatçı, baş leytenant, I qrup Qarabağ müharibəsi qazisi Namiq Alıyev də öz sevinc hisslərini Herbiand.az-a bölüşdü:

“Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Kənd camaatı həyəcanla doğma el-obasına gedəcəyi günü səbirsizliklə gözləyir. Kənd 1992-ci il mayın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı bütün evlər yandırılıb, kəndimiz viran edilibdir. Kəndin bir hissəsi işğaldan azad edilsə də, digər hissə hələ də düşmənlərdə idi. 2010-cu ilin yanvar ayında erməni işğalçıları daha bir vəhşilik törədərək gecə vaxtı kənd qəbiristanlığını dağıtmışdılar”.

2009-cu ilin siyahıyaalınmasına əsasən, kənddə 266 nəfər əhali yaşayıb. Bu gün əhalinin sayı artıq 330 nəfər təşkil edir. Əhali Qazax rayonunda və kəndlərində məskunlaşıblar. Qarabağ qazisinin sözlərinə görə, sakinlər əsasən əkinçilik, maldarlıq, quşçuluq, üzümçülüklə məşğul olur:

“Tezliklə kəndimizn işğalda olan digər hissəsi də azad olunacaq. Sakinlər öz el-obasında rahat, sülh şəraitində yaşamağa davam edəcəklər. Kəndlərimiz bərpa olunaraq yenidən qurulacaq. Kəndimizin füsunkar gözəlliyi var. 32 ildir kəndimizə həsrətlə yaşamışıq. Hər zaman arzumuz olub ki, kəndələrimiz azad olunsun, yenidən qurulsun, abadlaşdırılsın. Və biz bu gün arzuladığımız o hissləri böyük sevinc hissilə yaşayırıq. Bundan sonra daha da gözəl bir şəraitdə həsrətində olduğumuz kəndlərimizdə həyat davam edəcək”.

Elnurə İSAXAN

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla