AZ

Azərbaycanın ərazi bötövlüyünün tam bərpasına gedən yol

Müəllif: Elvin Səxavətoğlu

Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından bir il ötür. Ötən il 23 aprel tarixində Azərbaycanın Laçın rayonunda Ermənistanla sərhəddə buraxılış məntəqəsi qurulmuşdu.

Bu tarixi addım üçün uzun bir mübarizə aparılmışdı.

Sərhəd-buraxılış məntəqəsinin yaradılmasına zəmin yaradan səbəblər

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq müvafiq qurumların mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.  lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı.

Digər tərəfdən, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın keçmiş Laçın dəhlizi ilə bağlı bəndinə əməl olunmurdu. Həmin bəyannamədə dəhlizin humanitar məqsədlər üçün istifadə olunacağı açıq göstərilirdi. Amma dəhlizdən Ermənistanın Qarabağdakı silahlı birləşmələri mina və partlayıcılar daşıyırdı.

Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu.

2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları başlamışdı.

Ekofəallar 138 gündən sonra  hədəfə çatdılar.

Aprelin 23-də Ermənistanla sərhədin Laçın rayonu hissəsində sərhəd-buraxılış məntəqəsi quruldu, 28- apreldə isə ekofəalların aksiyası dayandırıldı.

Bu addımdan sonra Azərbaycan ərazisinə silah daşınması, qanunsuz silahlı birləşmələrin sursatla təmin olunmasında ciddi məhdudiyyətlər yarandı. Digər tərəfdən, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyuldu.

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması tarixi hadisə idi. Çünki bununla Azərbaycanın suverenliyi tam bərpa olunurdu.

Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar 26 avqustda keçirilən bayram tədbirində çıxışı zamanı bu tarixi hadisəni belə şərh etmişdi.

Sitat:  "23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".

Ölkə başçısı sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı isə Azərbaycan ərazisində "boz" zonanın qalmadığı bəyan etmişdi.

Sitat: "Aprelin 23-də Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq "boz" zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, - bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, - bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər".

Həmin hadisələrin davamı olaraq, rəsmi Bakının uğurlu hərbi və diplomatik gedişləri nəticəsində hazırda Qarabağın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır.

2023-cü il, 19-20 sentyabr tarixlərində Azərbaycan ordusu 24 saata Qarabağdakı erməni silahlı birləşmələrini darmadağın etmişdi.

2024-cü il, 16 aprel tarixində isə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının ərazidən çıxarılması ilə bağlı qərar qəbul olundu.

Artıq proses başlayıb və sentyabr ayına qədər sülhməramlılar Azərbaycan ərazisini tək edəcək.

Bu xəbərin ardınca Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılması üçün razılığın  əldə olunduğu elan edildi.

Göründüyü kimi, rəsmi Bakının addımları Cənubi Qafqazı uzunmüddətli sülhə yaxınlaşdırır. Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu ərazisində qurulan nəzarət-buraxılış məntəqəsi də sülh üçün atılan mühüm addımlardan biri idi. Sonrakı proseslər buna əyani sübutdur.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla