AZ

Mədəniyyətlər arasındakı mənəvi “körpü”...

Dünya Kitab və Müəlliflik Hüquqları Günüdür

Zehnimizi və yaradıcılığımızı stimullaşdıran kitablar bu gün hər bir xalqı beynəlxalq arenaya çıxaran və onu təbliğ edən vasitələrdən biridir. Məlumdur ki, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvəllər şifahi formada yazılıb, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatıb. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması isə kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir.

Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini ortaya çıxarıb. Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq UNESCO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan edib. Ümumiyyətlə, kitab, müəllif və müəlliflik hüququ anlayışları yaranandan bir-biri ilə qırılmaz təmasda olub. Bugünkü rəqəmsal dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunub. Bu mənada, qayda pozuntularınının “piratlıq” adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş verib. 1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan “Statue of Anne” fərmanına qədər 1557-ci ildə “Stationer’s Company of London” şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkanı yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır.

Nə üçün 23 aprel?

23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitab dostları daha yaxşı bilir. Belə ki, həmin gün söz sənəti dahilərindən Şekspir, İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Moris Droqon, X.Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər isə aprelin 23-də dünyaya göz açıblar.

Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Ölkəmizdə kitab nəşri və müəlliflik hüququ sahəsində mühüm işlər görülüb. Müəllif Hüquqları Agentliyi yaradılıb, Azərbaycan “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlayıb.

Dünyanın ən bahalı kitabı

İndiyə qədər ən baha qiymətə satılan kitab Leonardo Da Vinçiyə məxsusdur. Da Vinçinin əlyazma kitabı olan “Codex Leicester” Bill Gates tərəfindən 48,4 milyon dollara alınıb. Da Vinçi bu kitabında astronomiya, suyun hərəkəti, hidrologiya və geologiya sahələrində etdiyi araşdırmalardan bəhs edib.

Dünyanın ən kiçik kitabı

Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslinçiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.

Yeganə BAYRAMOVA

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla