AZ

Məhkəmə Əvəz Zeynallının şikayətini təmin etmədi

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifəsində işləyən Elnur Şükürovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar elan edilib. Qərara görə, şikayətlər təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınıb.


Müəllif: Hacı Zeynalov
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla