AZ

Sülhə doğru mühüm addım...

Beynəlxalq birlik Azərbaycanla Ermənistanın razılaşmasını dəstəkləyir

Nardar BAYRAMLI

Aprelin 19-da  Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən Qazax rayonun işğal altında olan 4 kəndinin geri qaytarılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bir sıra beynəlxalq təşkilatlar və ölkələr tərəflərin əldə etdiyi razılığı alqışlayıblar.

Türkiyə hesab edir ki, birbaşa danışıqlar yolu ilə əldə edilən razılaşma...

Türkiyənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı  bəyanat yayıb. Bəyanatda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının aprelin 19-da keçirilən görüşündə 30 il işğal altında olan dörd kəndin Azərbaycana verilməsi və delimitasiya fəaliyyətlərinin davamı ilə bağlı əldə edilən razılaşmanı məmnuniyyətlə qarşıladığını bildirib. Nazirlik birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişafın yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

BMT-nin Baş katibi razılaşmanı alqışlayır 

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırıb. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. Bildirilib ki, Baş katib  aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışlayır. “Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, -deyə Düjarrik əlavə edib.

Avropa İttifaqı: Bu proses kommunikasiyaların açılmasına xidmət edəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışladığını bildirib. O, sosial şəbəkə hesabında yazıb: “Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə əsas götürülməsinə dair əldə olunan razılaşmanı xoş qarşılayırıq. Brüsseldəki danışıqlar zamanı da hər iki ölkənin ərazi bütövlüyünün tanınması şərti ilə sərhədlərin delimitasiyası önəmli yer tutub. Bu proses, həmçinin bütün regiondakı vəziyyətin sabitləşməsi və sülh yolu ilə kommunikasiyaların açılmasına xidmət edəcək”.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da “X” hesabında Avropa İttifaqınin Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəklədiyini bildirib: “Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Alma-Ata sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər oldu. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir”.

NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir

NATO da Azərbaycan və Ermənistan arasında normallaşma səylərini dəstəklədiyini bəyan edib. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” hesabında bildirib: “Sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci ildə Alma-Ata bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfərində qeyd etdiyi kimi NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir”.

İƏT 4 kəndin qaytarılmasını alqışlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi də 2024-cü il aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın Azərbaycana məxsus və otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılmasını və delimitasiya üzrə işlərin davam etməsini alqışlayıb. Bu fikirlər İƏT Baş Katibliyinin bəyanatında yer alıb. Təşkilat qeyd edib ki, birbaşa danışıqlar prosesində müsbət nəticələrin əldə olunması yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır. Bəyanatın sonunda deyilir: “İƏT-in Baş katibliyi təşkilatın qətnamələrində də qeyd edilən davamlı və ləyaqətli sülh sazişinin imzalanması istiqamətində atılan mühüm addımı dəstəkləyir”.

Antoni Blinken: Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq”. Bu fikirləri isə ABŞ-ın Dövlət katibi Antoni Blinken “X” sosial şəbəkə hesabında yazıb. “Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - deyə o qeyd edib.

Almaniya növbəti dəfə öz dəstəyini təkilf edib

Almaniya da Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazır olduğunu bəyan edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib: “Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır”.

BƏƏ hesab edir ki, razılaşma hər iki xalqa fayda gətirəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə Azərbaycan və Ermənistan arasında dörd kənd ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmanı alqışladığını  və iki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izlədiyini bəyan edib. Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında açıqlama yayımlanıb. Məlumatda razılaşmanın kommunikasiya və dialoq körpülərinin güclənməsinə, Qafqaz regionunda sabitliyin və konstruktiv əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub. Rəsmi saytda BƏƏ-nin dövlət naziri Əhməd Əli Əl-Sayeğin açıqlamasına istinadən bildirilib ki, birbaşa kommunikasiyalar vasitəsilə bərqərar olan bu müsbət inkişaf həm regional, həm də beynəlxalq səviyyədə inkişafı və sülhü gücləndirəcək. Hər iki ölkəyə və onların xalqlarına fayda gətirəcək, gələcək tərəqqi və yüksəlişə nail olmaqla, onların qarşılıqlı maraqlarını yerinə yetirəcək. “Birləşmiş Ərəb Əmirlikləri həm Azərbaycan, həm də Ermənistan ilə sıx və dəyərli əlaqələrə malikdir. BƏƏ regionda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir məsələlərin dinc və qarşılıqlı dialoq yolu ilə həllini vacib hesab edir”,-deyə məlumatda vurğulanıb.

Norveç və İsveçdən reaksiya...

Razılaşmaya daha bir dəstək Norveçdən gəlib. Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Petersson “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”.

İsveçin xarici işlər naziri Tobias Billström isə “X” hesabındakı paylaşımda yazıb: “Bu, həm Ermənistan və Azərbaycan, həm də bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət addım sayəsində bölgədə bundan sonra iqtisadi tərəqqi, infrastrukturun inkişafı və genişlənməsi ilə bağlı əhəmiyyətli irəliləyişlər görə bilərik. İsveç bu məqsədə tamamilə sadiqdir”.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla